Daxili İşlər Nazirliyi Bakıda törədilən dəhşətli qətllə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Məlumatda qeyd olunur ki, yanvarın 27-də saat 1 radələrində Nəsimi rayonunun Ə.İsgəndərov küçəsində məişət tullantıları qutularında hissələrə ayrılmış 30-35 yaşlı qadın cəsədinin olması barədə Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi”nə məlumat daxil olub.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib, məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə cəsədin Babək rayon sakini Banu Məhərrəmova olması müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindəki yaşadıqları evdə qısqanclıq zəminində törətməkdə şübhəli bilinən qayınatası, Babək rayon sakini İ.Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.
***
Bakıda qətlə yetirilərək zibil qutusuna atılan qadının şəxsiyyəti müəyyənləşdirilib.
Bizim.Media-ya Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bu, 32 yaşlı Məhərrəmova Banu Xudayar qızıdır.
MÖVZU İLƏ BAĞLI:
Bakıda zibil qutusundan doğranmış qadın meyiti tapıldı
İlkin araşdırma zamanı məlum olub ki, hadisəni onun 75 yaşlı qayınatası İdris Məhərrəmov törədib.
Həmin şəxs hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən tutulub.
Hadisənin qısqanclıq zəmində baş verdiyi ehtimal edilir.
Xatırladaq ki, faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.
Bizim.Media