Narkotik vasitə ilə saxlanılan Masallı sakininin oğurluq əməllərinin də üstü açılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Yeddioymaq kənd sakini Rövşən Atakişiyev saxlanılıb.
Şəxsi axtarış zamanı ondan heroin aşkarlanaraq götürülüb. Ətrafında aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində onun iki oğurluq əməlinin də üstü açılıb.
Belə ki, R.Atakişiyevin Masallı şəhəri ərazisindəki çay evlərindən birindən 1000 manat dəyərində 2 ədəd samovar, Musaküçə kəndindən isə bir ədəd dana oğurladığı müəyyən edilib.
Faktlarla bağlı araşdırma aparılır.
Bizim.Media