Kür-Bakı magistral su kəmərində baş verən qəzanın nəticələri tam aradan qaldırılmayıb.
Bu barədə Bizim.Media-nın hadisə yerində olan əməkdaşı məlumat verib.
Baş nazirin müavini Şahin Mustafayev qəza baş verən əraziyə gəlib. Hazırda ərazidə 10-15 km uzunluğunda tıxac yaranıb. Avtomobillər isə yol polisi əməkdaşlarının nəzarəti ilə hissə-hissə hərəkətinə davam edir.
Bakı-Qazax avtomagistralında hərəkətin tam bərpa olunması üçün Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi, "Azərsu" ASC birlikdə tədbirlər görür.
Qeyd edək ki, Bakı şəhərini içməli su ilə təmin edən Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində (Qaz Emalı Zavodunun yaxınlığı) gecə saatlarında baş vermiş qəza nəticəsində ətraf əraziləri, o cümlədən Bakı-Qazax avtomagistralını su basıb.
Bizim.Media