Ölkəmizdə ən çox yüklənən TƏHLÜKƏLİ tətbiq hansıdır? - ARAŞDIRMA

Hazırda oxunan: Ölkəmizdə ən çox yüklənən TƏHLÜKƏLİ tətbiq hansıdır? - ARAŞDIRMA

99311

“Azərbaycanda və Ermənistanda pulsuz mobil tətbiqlərdən hansıların daha populyar olmasını analiz edəndə görmək olar ki, vəziyyət, yumşaq desəm, elə də xoşagələn deyil”.

Bizim.Media xəbər verir ki, bu sözləri İnternet Formunun Prezidenti Osman Gündüz bildirib.

Onun sözlərinə görə, ölkədə hazırda ən çox yüklənən tətbiq VPN-dir:

“Dünya üzrə saytların, sosial medianın və mobil tətbiqlərin fəaliyyətini analiz edən müxtəlif platformalar var. Bu alətlərdən istifadə etməklə hər bir ölkə üzrə bütövlükdə ümumi mənzərəni görmək olar. Düzü, bu dərəcədə olacağını da heç təsəvvür etməzdim.

Qlobal statistikadan görsənir ki, son zamanlarda bizim mobil istifadəçilərimizin yüklədikləri pulsuz mobil tətbiqlərin ilk beşliyində yalnız VPN-lərdir. Ümumiyyətlə isə, ilk on beşliyə nəzər salanda görmək olar ki, böyük əksəriyyət VPN-lərdi. Bu, çox düşündürücü məqamdır.

Bu analizdən anlaşılır ki, smartfon istifadəçilərimizin əksəriyyəti VPN üzərində “oturub”. Bu, əsasən Android platformadan istifadə edənlərlə bağlıdır. App Store diqqət yetirdikdə nisbətən fərqli situasiyadır. Amma burada da VPN-lər gözə dəyir”. 

O.Gündüz ölkədə Tiktok-un müvəqqəti dayandırılması ilə VPN-lərin istifadəçilər tərəfindən yüklənilməsini təhlükəli hesab edib:

“Məlumat vermişdim ki, bir müddət öncə TikTok rəsmiləri ilə görüşmüşdüm. Onlar özlərindəki statistikaya əsasən Azərbaycanda 3 milyon TikTok istifadəçisi olduğunu bildirmişdilər. Bu, Azərbaycan üçün çox böyük rəqəmdir. Düşünürəm ki, TikTok-la bağlı qərar verənlərimiz bu mənzərənin fərqində olmalıdır. Həm milli təhlükəsizliklə bağlı, o cümlədən də uşaqların təhlükəsizliyi ilə bağlı daha təkmil və effektiv üsullardan istifadəyə diqqət yetirilməlidir.

Baxmayaraq ki, TikTok rəsmiləri özlərindəki statistikaya istinadən bizdə uşaqların bu platformada az olduğunu vurğulayırlar, amma reallıqda vəziyyət fərqlidir. Yenə də o fikirdəyik ki, uşaqlar və yeniyetmələr üçün TikTok məhdudlaşdırılmalıdır”. 

Ekspert həmçinin digər ölkələrdə olduğu kimi təhlükəsizlik məsələlərinin qorunması ilə TikTok-un fəaliyyəti bərpa olunmasını düzgün hesab edib:

“Düşünürük ki, pulsuz VPN-lərlə TikTok istifadəsi uşaqlar üçün daha ciddi risklər yaradır. Bu istiqamətdə bütün maraqlı tərəflərin iştirakı ilə daha ağlabatan üsullardan istifadə edilməlidir. Amma, ciddi hüquqi əsaslar olmadan bütövlükdə bu platformaya qarşı bloklanma doğru olmazdı. Fikrimcə, digər ölkələrdə olduğu kimi təhlükəsizlik məsələlərinin qorunması ilə bağlı bu platforma ilə əməkdaşlıq daha ağlabatan olardı.

Digər sosial resurslarda olduğu kimi, bu platformada da faydalı kontentin yaradılmasına, gənclər üçün burada daha faydalı, intellektual resursların hazırlanmasına, biznes və tanıtım üçün daha effektiv istifadəsinə, bütövlükdə Azəırbaycan maraqları üçün bu platformadan daha effektiv istifadəyə diqqət yetirmək doğru olardı”

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin