Xəzər universitetinin tələbələri bufetdən QOVULUR – Valideyndən ŞİKAYƏT 

Hazırda oxunan: Xəzər universitetinin tələbələri bufetdən QOVULUR – Valideyndən ŞİKAYƏT 

99092

Xəzər Universitetinin tələbələri təhsil müəssisəsinin bufetinə öz aldıqları qidalarla buraxılmırlar.

Bu şikayətlə Bizim.Media-ya sözügedən universitetdə təhsil alan tələbənin anası Ülkər Ziya müraciət edib. Onun sözlərinə görə 10 gündür ki,  universitetin bufetinə kənardan yemək gətirən tələbələr buraxılmır, yalnız universitetin bufetindən yemək alanlar bufetə daxil ola bilir:

“Qızım Xəzər universitetində ikinci kursda təhsil alır. Bufet yeməklərini sevmir. Evdən yemək aparmaq istəyir. Amma icazə verilmir. Deyirlər ki, yalnız bizim burada satdığımızı alıb yeyə bilərsiz. Xatırlayırsızsa, bir müddət əvvəl də bu məsələ gündəmə gəlmişdi.
Məsələ ictimailəşəndən sonra tələbələrə evdən yemək gətirilməsinə icazə verildi və qadağa aradan götürüldü. Haradasa 10 gündür ki, təkrar eyni problem yaşanır”.

Şikayətçi qeyd edib ki, universitetin bufetində satılan qidalar həddindən artıq bahadır:

“Bir stəkan kofe 1 manat 50 qəpikdir. Tələbənin nə imkanı var ki, belə bir məbləği kofeyə versin? Yeməklər 6-7 manat civarındadır. Evdən aparmağa isə icazə verilmir. Hətta bufetdən qovurlar. “Bura bizə aiddir, qanunları, qaydaları biz qoyuruk, gedin kimə şikayət edirsiniz edin” deyirlər. Bunu tək mənim qızım demir, tələbələrin hamısı narazıdır.

Hətta sosial şəbəkələrdə də etirazlarını ifadə ediblər. Mən özüm Xaçmaz rayonunda yaşayıram və universitetə getməmişəm. Özləri də heç valideynlərlə ünsiyyət qurmağa maraqlı deyillər. Dəfələrlə getmək istəmişəm, qızım “onsuz da onlar səni qəbul etməyəcəklər” deyib.
Məsələ ilə bağlı Xəzər universiteti ilə əlaqə saxlasaq da, Xəzər Universitetinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Əlövsət Əmirbəylinin işdə olmadığı bildirildi.

Xatırladaq ki, 5 ay əvvəl də Xəzər Universitetinin bufetində sözügedən məsələ ilə bağlı biabırçı elan asılmışdı. Elanda bufetə kənardan yemək gətirən şəxslərin töhmət alacağı qeyd olunmuşdu.

Universitetdən dərhal məsələyə reaksiya verilərək, qanunsuz hərəkətlə bağlı yeməkxana müdirinin rəhbərlik səviyyəsində ciddi cəzalandırılacağı bildirilmişdi.

Görünür, yeməkxana müdiri ümumiyyətlə cəzalandırılmayıb. Belə olsaydı, yenidən tələbələrin yemək gətirmələrinə qənim kəsilməzdi.
Qeyd edək ki, ali təhsil ocağının rektoru İradə Xəlilovadır.

Universitetin mövqeyini dərc etməyə hazırıq. 

Alçina Amilqızı, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin