Bakının yollarındakı tıxaclar hər gün minlərlə paytaxt sakininin əsəblərini tarıma çəkir. Tıxacın səbəblərindən biri yol kənarında, avtobuslar üçün nəzərdə tutulan dayanacaqlarda taksi fəaliyyəti ilə məşğul olan sürücülərin öz avtomobillərini uzun müddət saxlamasıdır.
Bakıya yeni gətirilən və “BakuBus” kimi fəaliyyət göstərən iki hissəli (qarmoşkalı) avtobuslar belə ərazilərdən ümumiyyətlə keçə bilmir. Nəticədə tıxaclar yaranır.
Problem 20 Yanvar dairəsində, Ziya Bünyadovla Atatürk prospektinin kəsişməsində, “İnşaatçılar metrosu”nun ətrafında daha acınacaqlıdır. Dönə və sərbəst hərəkət edə bilməyən 18 və ya 9 metrlik avtobusların yolu həqiqətən də keçilməz olur.
MÖVZU İLƏ BAĞLI:
“BakuBus” niyə nəzarətə götürüldü?- SƏBƏB
Bundan başqa, Qara Qarayev prospekti-Məhəmməd Hadi küçəsi-Gəncə prospektində hər iki istiqamətdə avtobus zolaqları təşkil edilməsinə baxmayaraq əksər sürücülər tərəfindən qaydalara əməl olunmur.
Gün ərzində bu ictimai nəqliyyat dəhlizindən keçən 43 marşrut xətti üzrə 700-dən çox avtobusun hərəkət qrafiki pozulur, intervallar gecikir.
Belə hallara qarşı necə mübarizə aparmalıdır? Paytaxtımızdakı dar yollar niyə genişləndirilmir? Səkilərdə, yol kənarlarında fəaliyyət göstərən obyektlər niyə sökülmür?
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayevin isə bütün suallara bir klassik cavabı var: “Ölçü götürülür”.
Mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddin Muradlıya müraciət etdik.
O, dedi ki, aidiyyatı qurumlar, xüsusilə BNA ictimai nəqliyatın hərəkətinə maneələr yaradan sürücülərə qarşı birdəfəlik ölçü götürə bilmir:
“Bakıda parklanma siyasəti düzgün qurulmayıb. Əksər küçələrdə dayanma-durma qaydaları tənzimlənməyib.
Bu gün parklanmaya Bakı Nəqliyyat Agentliyi ilə yanaşı digər qurumlar da nəzarət edir. Qanunu sərtləşdirmək lazımdır ki, qanundan kənar yerdə dayanmasınlar. Dayanacaq üçün nəzərdə tutulan bir çox yerlər bələdiyyə və icra hakimiyyətləri tərəfindən ictimai iaşə obyektləri üçün satılıb.
Bu şəkildə metro çıxışları da zəbt olunub. BNA-nın gördüyü tədbirlər isə heç bir nəticə vermir. Yəni problem həll olunmur.
Bir avtobus ən azı 50-80 sərnişini mənzil başına çatdırmalıdır. Sürücünün dayanma-durmanı pozması həmin şəxslərin mənzil başına gecikməsi ilə nəticələnir”.
Gülşanə Mustafayeva, Bizim.Media