44 günlük Vətən müharibəmizdə qəhrəmanlıq salnaməmizi yazan şəhidlərimizdən biri də İbrahim Abdulla oğlu İbrahimovdur.
10 oktyabr 1999-cu ildə Bakı şəhərində anadan olan şəhidimiz 205 saylı məktəbdə təhsil alıb. 2018-ci ildə Sumqayıt Dövlət Texniki kollecinə qəbul olub.
Vətən sevgisi ilə böyüyən, qəlbində vətən yanğısı olan İbrahim 1-ci kursu bitirərək vətənə borcunu yerinə yetirmək üçün əsgərliyə yollanır. Daha sonra öz arzusu ilə müddətdən artıq hərbi qulluqçu (MAXE) kimi vətənin keşiyində dayanır.
Şəhidimizin anası Rəsmiyyə İbrahimova Bizim.Media-ya oğlu ilə bağlı xatirələrini bölüşüb.
Yeganə oğul övladını şəhid verən ana onun yoxluğu ilə hələ də barışa bilmir. Məzarını ziyarət etməklə təskinlik tapdığını deyir.
Hətta deyilənə görə, İbrahimin məzar daşını dəfələrlə dəyişdirib... Sanki oğluna göstərə bilmədiyi nəvaziş, qayğının yanğısını, məzar daşını dəyişdirməklə ovutmağa çalışır...
“İbrahim elə bir övlad idi ki, onu sözlə ifadə etmək bir ana kimi mənə çox çətindir. Ailəsinin dayağı olan, sevən, qohuma-qonşuya dəstək olan övlad idi. Vətəninə çox bağlı idi, o, torpaqlarımızın düşmən tapdağı altında olmasına dözə bilmirdi. Elə məqsədi, amalı vətənin keşiyində dayanmaq idi, onu da layiqincə yerinə yetirdi. İbrahim əvvəl mənim qəhrəmanım idi, amma indi bütün xalqın qəhrəmanıdı. Tək təsəllim sadəcə budur...”
Rəsmiyyə ananın sözlərinə görə, cəbhədə olanda belə İbrahim öz gərginliyini, baş verənləri ailəsinə bildirməyib:
“O, bizə heç nə bildirmirdi ki, narahat olarıq. Əksinə danışanda deyirdi ki, ana narahat olmayın hər şey yaxşıdı, yaxşıyam. Amma mənim ürəyimə damırdı ki, nəsə baş verəcək. İbrahim şəhid olmamışdan bir neçə gün öncə yuxuda onu görmüşdüm. Dedi ki, “Ana, sizə qurban olum” elə yuxunun səhərini onun şəhid xəbəri ilə açdıq. İbrahim sözün həqiqi mənasında mənə, elə Ana vətənə özünü qurban verdi”.
Qeyd edək ki, şəhidimiz 27 sentyabr 2020-ci ildən döyüşlərə qoşulmuş Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Xocavənd, Hadrut və Şuşanın alınmasında iştirak edib.
Noyabrın 9-u Şuşada “Daşaltı əməliyatı” zamanı düşmənin snayper gülləsinə tuş gəlib. Gövhər Ağa məscidi yaxınlığında şəhidlik zirvəsinə ucalıb. Şəhadətindən sonra Prezidentin sərəncamı ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” “Xocavənd uğrunda”, “Şuşa uğrunda”,”Füzuli uğrunda”, “Cəbrayıl uğrunda” medalları ilə təltif olunub.
Səkinə Yusibli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:15 / 12.10.2022
Qələbəyə bir neçə saat qalmış... - Gövhər Ağa məscidi yaxınlığında şəhid olan QƏHRƏMANIMIZ - FOTO
Hazırda oxunan: Qələbəyə bir neçə saat qalmış... - Gövhər Ağa məscidi yaxınlığında şəhid olan QƏHRƏMANIMIZ - FOTO
Hazırda oxunan: Qələbəyə bir neçə saat qalmış... - Gövhər Ağa məscidi yaxınlığında şəhid olan QƏHRƏMANIMIZ - FOTO
98838
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.