72 yaşın ola, bu ölkənin Xalq artisti titulunu daşıyasan, Dövlət mükafatı alasan, Sənətkar ordeninə layiq görələsən amma sənətə, yaradıcılığa yanaşma tərzin belə bəsit və cılız ola...
Ramiz Məlik Oda teatrında Elmin Bədəlovla birlikdə quruluş verdiyimiz "Suriyalı" tamaşası haqqında münasibət bildirərkən bizi əxlaqsızlıqda ittiham edir. O qeyd edir ki, biz niyə Qarabağdan, ac, səfalət içində yaşayan insanlardan tamaşa qurmuruq? Əvvəlcə qeyd edim ki, "Suriyalı" tamaşası mənim eyniadlı romanım əsasında səhnləşdirilib. Bu roman Suriyadakı vətəndaş müharibəsindən, orda ölənlərdən, qaçıb Türkiyəyə sığınanlardan, müharibəyə qoşulub vuruşanlardan, terrordan, siyasi oyunlardan, dini parçalanmalardan bəhs edir. Romanda xüsusi bir obraz var - Suriyadan qaçıb Türkiyəyə gələn, İstanbulun gecə klublarında oriental oynayıb pul qazanan Firas və onun bu ağrılı taleyi ilə yanaşı homoseksual olması da əsərdə yer alır. Romanın sadəcə bu hissəsi teatr səhnəsinə uyğun idi deyə biz həmin hissəni seçib səhnələşdirdik. Müharibədə yaşanan dəhşətli hadisələr, qaçqınların taleyi, ölənlər, itkin düşənlər, döyüşənlər - bütün bunlar həmin suriyalı homoseksual gəncin dili ilə nəql olunur.
Ramiz Məlik nə bu romanı oxuyub, nə də ki, tamaşanı izləyib. O zaman hansı haqla tamaşa haqqında belə önyarğılı çıxış edir? O, hardan bilir ki, biz tamaşada müharibənin dəhşətindən, qaçqın düşənlərin taleyindən danışmırıq? Hərçənd ki, bu tamaşanın afişasında yazılıb. Barı onu oxuyaydı...
Növbəti məsələ Qarabağ məsələsidir. Şəxsən mən Qarabağ mövzusunda bir neçə dram əsəri yazmışam, romanlarımda da bu müharibəyə yer vermişəm, bu mövzuda oynadığım tamaşalar da olub. Oda Teatrının repertuarında da kifayət qədər tamaşalar var ki, bugünkü cəmiyyətimizin acı həqiqətlərinə, ən mühüm problemlərinə güzgü tutur. Teatrın repertuarında elə tamaşalar var ki, heç Ramiz Məlik bütün yaradıcılığı boyu elə ağır mövzulu əsərlərdə oynayıb. Belə olan halda hansı haqla bizi vətənpərvərlikdən uzaq adlandırır? O, titullar alıb sevinəndə, dövlət mükafatı alanda, orden alanda niyə yadına düşmürdü Qarabağ? Niyə yadına düşmürdü ac və səfalət içində yaşayanlar? Oda teatrından 50 000 manat təzminat tələb edir və deyir ki, şəhid ailələrinə paylayacaq. Məgər bu vaxta qədər Ramiz Məlikovun 50 000 manat demirəm, 50 manat yardımı dəyibmi şəhid ailələrinə? Axı dövlət mükafatı ayda 500 manat pul almaq deməkdir.
O ki, qaldı əxlaq məsələsinə - Ramiz Məlik əxlaqı hansı cihazla ölçür? O hardan bilir ki, biz əxlaqsızıq? O necə ölçüb və öyrənib ki, onun əxlaqı bizim əxlaqımızdan çoxdur? Axı bu gün 72 yaşlı bir ağsaqqal gənclərə, cavanlara dəstək olmalı, heç olmasa sözləri ilə onları ruhlandırmalıdır. Oda Teatrı bu ölkədə heç bir dövlət dəstəyi almayan, öz ayaqları üstə bütün qüvvəsi ilə dura bilən ilk və tək teatrdır. Əsl yaradıcı insan, əsl sənət insanı və əsl sənətkar belə bir teatra dəstək olmalıdır, heç olmasa arzulamalıdır ki, belə teatrlar çox olsun. O isə deyir: "Oda teatrı bağlanmalıdır!" Niyə bağlanmalıdır? Çünki 18+ əsər səhnələşdirib və səhnədə homoseksual obrazı yaradıblar. Buna görə teatr bağlanar? Növbəti sual yaranır - yaradıcılığa bu sərhəddi, bu məhdudiyyəti, bu çərçivəni kim soxub? Yaradıcı insana nəyisə yaratmaqda kim əngəl törədə bilər?
İstər ədəbiyyat, istər teatr - bunlar real həyatın güzgüsüdür. Real həyatda nə yaşayırıq, nə görürük, nə ilə qarşılaşırıqsa, ədəbiyyatda və teatrda da bunlar yer almalıdır. Zənginindən-dilənçisinə, alimindən-cahilinə, möminindən-əyyaşına, heteroseksualından-homoseksualına qədər hər kəsin obrazı olmalıdır ədəbiyyatda da, teatrda da, filmdə də, rəsmdə də, musiqidə də və başqa bu kimi sənət sahələrində də. İndi Ramiz Məlik öz etdiyi səhvi anlayıb işi ilə məşğul olmalıdır məncə. İşlədiyi teatr yaradıcılıqdan çox qalmaqalları ilə məşhurdur. Elə bir müddət əvvəl "yumruq davası" ilə gündəmə gəlmişdi bu xalq artistimiz. Ölməyib görəydim, ay Ramiz müəllim, (hərçənd ki, mən gəncəm, siz yaşlı) görəydim ki, kiməsə yumruq atmağınızla yox, Oskara namizəd olmağınızla gündəmə gəldiniz. Heç olmazsa sevinərdik ki, bizim Oskara namizəd olan aktyorumuz var.
Nə qədər ki, siz bu ölkənin sərhədləri daxilində aldığınız mükafatlarla sevinəcəksiz, nə qədər ki, sizin üçün həyatın bütün uğurları bu titullardan ibarət olacaq, o zaman gənclərə mane olmayın! Gəncləri söyməyin, təhqir etməyin! Başa düşürəm, vaxtında gəncliyinizi dolu-dolu yaşamaq, azad şəkildə yaratmaq imkanınız olmayıb - sizi soyunmağa da qoymayıblar, sevişməyə də. Amma indi o dövr deyil. İcazə verin bu qandalladığınız sənəti azad edək, onu qəliblərdən çıxaraq, məhkumluqdan qurtaraq. Siz məhv etmisiz, biz bərpa etməyə çalışırıq, barı mane olmayın!
Orxan Bahadırsoy



























































































