Eyni cəbhədə döyüşən komandir ata və əsgər oğul... – Vətən Müharibəsi qəhrəmanları DANIŞIR

Hazırda oxunan: Eyni cəbhədə döyüşən komandir ata və əsgər oğul... – Vətən Müharibəsi qəhrəmanları DANIŞIR

98603

“Oğlumla eyni cəbhədə idik. Səfər mənim yeganə oğul övladımdır. Eşitdim ki, onun xidmət etdiyi bölmə hücuma hazırlaşır. Mən isə həmin ərazidə olan hərbi hissələrdən birinin komandiri idim. Boş vaxt tapıb onun yanına gəldim, xeyli söhbət etdik, sonda o mənə, ata, birdən mənim döyüşə girməyimə mane olarsan, bunu qəti etmə. Sən polkovnik olaraq öz xidmətini edirsən, mən də əsgər olaraq... burada heç kimdən əskik deyiləm, gedib döyüşəcəm”.

Duniyev Kamil Əlibaba oğlu silahlı qüvvələrin ehtiyatda olan polkovnik-leytenantıdır. O, Cəllabad rayonunda doğulsa da ömrünün əksər hissəsini qoşunların təmas xəttində xidmət edib. 1974-cü ildə rayonun Əliabad kəndində doğulan qəhrəmanımız çağrışçı əsgər kimi birinci qarabağ müharibəsində döyüşüb.

Tərtər-Goranboy istiqamətində aparılan əməliyyatlarda fəal iştirak etməsi komandirlərin diqqətini cəlb edir. Atəşkəs elan edildikdən sonra isə o hərbi təhsil almaq üçün ali hərbi məktəbə göndərilir.
Məktəbi bitirdikdən sonra müxtəlif ərazilərdə zabit kimi xidmət edib. 2020-ci il – Vətən müharibəsi zamanı polkovnik-leytenant Kamil Duniyev birinci Qarabağ müharibəsində əsgər olduğu hərbi hissəyə komandir təyin edilir. Oğlu Səfər Duniyev isə onunla eyni cəbhədə, Talış-Suqovuşan istiqamətində əsgər kimi döyüşüb:

“Maraqlı bir hissi idi... Bir zamanlar əsgər olduğum hərbi hissənin komandiri olmaq, həm də döyüşən əsgərin valideyni kimi döyüşmək məhsuliyyəti iki qat artırırdı. Elə vaxtlar oldu ki, mən on gün oğlumdan heç bir xəbər tuta bilmədim. Həm də bu döyüşdür, deyib, qərara gəldim ki, həqiqətən mənim övladım döyüşən övladların heç birindən artıq və ya əskik deyil. Sadəcə dua edib hər şeyi zamanın axınına buraxdım”.

Müharibə Duniyevlərdə iz buraxmadan ötüşmür...

Qələbə əldə edilib, atəşkəs elan olunanda komandir və əsgər Duniyevlər sağ-salamat dönürlər. Ancaq sonradan Talış kəndi ərazisində düşmənin basdırdığı naməlum minanın partlaması nəticəsində ata Duniyev ağır yaralanır.

Həkimlər ölümcül halda xəstəxanaya gətirilən zabitin həyatını xilas etməyi bacarır. Ancaq onun ayağının biri amputasiya edilir, digər yaralarına görə isə hazırda da müalicə alır:

“Minaya düşəndə çox qan itirdiyim üçün hərdən huşum gedib-gəlirdi. Hər dəfə ayılanda bir vaxtlar əsgər kimi döyüşdüyüm, indi işğaldan azad edilən yolları, cığırlara qalib zabit kimi baxırdım.
Həm də Səfərə yox, mənə nəsə olduğu üçün Allaha şükr edirdim. Bununla yanaşı yaralı, qazi olsam da qalib olduğum üçün Dövlətimlə və ordumla fəxr edirdim. Ölüb qalacağım da məlum deyildi...”

Zəfəri yaşamaq ömrü uzadır, deyir, qəhrəman zabit, həmçinin onu da qeyd edir ki, zəfəri yaşatmaq üçün neçə-neçə ömürlər qurban verilir.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin