Tanınmış prokurorun şantaj olunmasının yeni TƏFƏRRÜATLARI 

Hazırda oxunan: Tanınmış prokurorun şantaj olunmasının yeni TƏFƏRRÜATLARI 

98388

Azərbaycanda tanınmış prokuror Tariyel Qurbanovu şantaj etməkdə ittiham olunan Ümman Əliyev, Natiq Nuriyev, Pərvin Yusifov, Ələkbər Nuriyev, İlqar Əliyev, Elnur Eldarov və Sahilə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.  

Bizim.Media-nın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə Ümman Əliyev ifadə verib. O, elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Deyib ki, prokurora hədə-qorxu gəlməsi və ondan pul tələb etməsi ilə bağlı işdə heç bir sübut yoxdur.  

Ümman Əliyev özünü dələduzluq etməkdə təqsirli bilib: “Mən xəstəlik adı ilə Tariyel Qurbanovdan pul almışam. Bu səbəbdən də istintaqa verdiyim ifadəmi təsdiq etmirəm. Həmin ifadəmi təzyiq altında vermişəm. İndi həqiqəti məhkəmədə danışacam”.  
O deyib ki, 2001-ci ildə yaşadığı Quba rayonunun Nic kəndindən işləmək məqsədilə paytaxta gəlib. Onun sözlərinə görə, onun ilk iş yeri Bakıxanov qəsəbəsində yerləşən “Hamam Plaza” olub:

“Mən orada ofisiant işlədim. Hamama gələn şəxslərə çay, meyvə verirdim. Bir sözlər onlara belə qulluq edirdim. Tariyel Qurbanovu da oradan tanımışam. Tariyel müəllimlə ilk tanışlığım 2006-cı ildə olub. Tariyel müəllim hamama gəlib, ona bir ilə yaxın orada qulluq etmişəm”.  
 
Ümman Əliiyevin sözlərinə görə, qardaşı Vüsal epilepsiya xəstəsi olub:

“Onun müalicəsi adı ilə Tariyel müəllimdən ilk dəfə 1800 manat aldım. Qardaşımın müalicəsinə həmin pulu xərcləmədim. Amma faktiki olaraq həmin pulu müalicə adı ilə almışam. Bunu da Tariyel müəllim bilməyib. Həmin pulu Tariyel müəllim mənə poçt vasitəsi ilə göndərdi.

Pulu götürərək şəxsi ehtiyaclarıma xərclədim. Həmin dövrdə hamamdan çıxmışdım, işsiz idim. Buna görə də pula ehtiyacım var idi. İkinci dəfə 2021-ci ilin noyabrında qardaşımın xəstəli ilə bağlı yenə də Tariyel müəllimdən 1800 manat aldım. Həmin pulu da Tariyel müəllim poçt vasitəsi ilə göndərdi. Qubada həmin pulu poçtdan götürdük”. 
Ümman Əliyev bildirib ki, onunla birlikdə müttəhimlər kürsüsündə əyləşən Pərvin Yusifovu cəza çəkmə müəssisəsindən tanıyıb: “Növbəti dəfə pulu Tariyel müəllimdən Pərvinin kartı vasitəsi ilə almışam. Həmin puldan da Pərvinə dost kimi vermişəm. Pərvin Tariyel müəllimdən pulu hansı məqsədlə aldığımı bilməyib. Ümumiyyətlə o, Tariyel müəllimi tanımayıb. Pərvinə şəxsi pulum olduğunu demişəm. O da göndərilən pulu çıxararaq mənə verib”. 

Ümman Əliyevin sözlərinə görə, Tariyel Qurbanovdan 2021-ci ilin sentyabrından 2022-ci lin fevralına kimi pul alıb. Deyib ki, müxtəlif vaxtlarda aldığı pulların ümumi məbləği yadında qalmayıb. Bildirib ki, Tariyel Qurbanovu hamam fotoları ilə şantaj etməyib. 

İbtidai istintaq zamanı Ümman Əliyev ifadəsində göstərib ki, Tariyel Qurbanovla əlaqə saxlayıb, onun çılpaq fotoları olduğunu deyib və pul tələb edib. Hakimin səsləndirdiyi bu ifadəsini təqsirləndirilən şəxs məhkəmədə təsdiq etməyib. O bildirib ki, Tariyel Qurbanovun hər hansı bir formada onda fotosu olmayıb və ona da belə bir foto göstərməyib.  
İstintaq ifadəsinə görə, Ümman Əliyev növbəti günlərdə Tariyel Qurbanovdan daha dörd dəfəyə pul alıb. Həmin ifadəyə görə, Ümman Əliyev ondan 8 min manat bir, 15 min 400 manat bir, 20 min manat bir, 20 min manat isə sonuncu dəfə alıb. Onun sözlərinə görə, qeyd olunan məbləğləri Tariyel Qurbanovdan iş qurmaq adı ilə alıb.  

Daha sonra ifadə verən digər təqsirləndirilən Pərvin Yusifov da özünü təqsirli bilməyib.  

Növbəti proses oktyabrın 28-də davam edəcək.  

İstintaq orqanı tərəfindən Natiq Nuriyev, Ümman Əliyev, Pərvin Yusifov, Ələkbər Nuriyev, İlqar Əliyev, Elnur Eldarov və Sahilə Məmmədovanın barəsində Cinayət Məcəlləsinin 182.2.1 (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan edilib.  

İttihama görə, dəstə üzvləri Tariyel Qurbanovun hamamda çəkilmiş fotolarını ona göndəriblər və pul verməsini tələb ediblər. Əks halda həmin fotoları sosial şəbəkələrdə yaymaqla hədələyiblər.

Qeyd edək ki, Tariyel Qurbanov Qaradağ və Hacıqabul rayonlarında prokuror olub. Daha sonra isə o, Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini olub. 

Bu ilin mart ayında vəzifəsindən azad olunan Tariyel Qurbanov sonradan Abşeron rayon prokurorunun böyük köməkçisi təyin olunub. 

Tariyel Qurbanov həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır. 

Xatırladaq ki, Tariyel Qurbanov bir vaxtlar sol əllə hərbi salam verməsi ilə gündəmə gəlmişdi. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin