Bakı şəhərinin Nərimanov rayonunda, Günəşli, Hövsan və Bakıxanov qəsəbələrində sovet dövründə tikilən binalarda lift problemi hələ də qalmaqdadır. Bununla bağlı redaksiyamıza bir çox müraciətlər daxil olub.
Günəşli sakini Elçin Əliyev söyləyir ki, binaları köhnə tikilidir: “Liftlər bir gün işləyir, beş gün işləmir”.
MÖVZU İLƏ BAĞLI:
Beş azyaşlı liftdə köməksiz qaldı
Niyazi Həsənov isə deyir ki, Nərimanov rayonunda Heydər Əliyev adına Mərkəzin arxasında qalır. Onların da liftləri aylardır ki, işləmir.
Hövsan qəsəbəsinin Səma Abıyeva adlı sakini bildirir ki, yaşadığı Elman Qasımov küçəsidəki binanın 2-ci blokunun lifti ilə enəndə tross səsləri adamda vahimə yaradır.
İstismar müddəti başa çatmış liftlərlə bağlı saysız-hesabsız şikayətlərin həlli yolları ölkə başçısının da diqqət mərkəzindədir.
Bununla bağlı Prezident İlham Əliyev 2019-cu ildə Bakı şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı sərəncam imzalayıb.
Sərəncamdan sonra işlərin görülməsinə tədricən başlanılsa da problem köklü şəkildə hələki həll olunmayıb.
Mövzu ilə bağlı Bizim.Media-nın sorğusuna Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, liftlər Almaniyadan alınır.
Bunun üçün Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyi tərəfindən bu sahədə böyük təcrübəsi olan və geniş texniki imkanlara malik Almaniya Federativ Respublikasının Wittur Holding GMBH şirkəti ilə müqavilə imzalanıb.
“Bir liftin alınması neçəyə başa gəlir?” sualına isə Bakı Şəhər İcra Hakmiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov söyləyir ki, Bakıda Lift İdarəsinin balansında 5500 dən artıq lift var:
“Bu liftlərin də böyük bir hissəsi sovetlər vaxtında quraşdılıb. Sərəncama uyğun olaraq 2019-cu ildə 581 lif dəyişilib. Bu il də 625 ədəd lif dəyişiləcək. Onların da 240 ədədi artıq ölkəyə gətirilib. Liflərin dəyişdirilməsi mərhələli şəkildə nəzərdə tutulub”.
Qurum sözçüsünə bəs bir liftin alınması neçəyə başa gəlib? Sualımızı ikinci dəfə verməli olduq.
“Bu vəsait söhbəti sizin ağlınıza hardan gəlib. Vəsait liftin alınmasına, ƏDV – nə onun Bakıya gətirilməsi, sonra qurulması təhvil verilməsi kimi məsələlərə ayrılır. Maliyyə məsələləri ilə bağlı biz arayış vermirik. Lifti neçəyə almışıq, necə almışıq sizin nə borcunuza qalıb? Belə suallar versəniz bir daha sizə cavab verməyəcəm”.
Onda qoy, İsrafil müəllimin diqqətinə bəzi faktları çatdıraq.
2017 ci ildə toy günü liftdə qəzaya uğrayaraq faciəvi şəkildə dünyasını dəyişən bəy. 2018-ci ildə liftin qırılması nəticəsində dünyasını dəyişən xadimə. Yaralanmış, şikəst olmuş onlarla şəxs, nasaz liftlərdə psixoloji sarsıtılar keçirmiş minlərlə insan, uşaq, qoca, qadın.
Sizcə, bunlar narahat olmağa əsas vermirmirmi, bu bizim də borcumuz deyilmi?
Bir də ona görə işimizə qalıb ki, Ölkə başçısının imzaladığı sərəncamın icrasına ayırdığı pulların məmurun çamadanından, otaqlarındakı daxıllarından tapıldığına az rast gəlməmişik.
Dövlət başçısının 2019-cü il 15 fevralda imzaladığı sərəncamla Azərbaycanın 12 şəhər və rayonunda 237 çoxmənzilli binanın lift təsərrüfatının maddi-texniki bazasını möhkəmləndirmək üçün dövlət büdcəsindən 40 milyon manat ayrılıb.
Dövlət büdcəsi isə insanların verdiyi vergilərdən formalaşır.
Xatırladaq ki, 2019-cu ildə 581 ədəd yeni lift Bakıya gətirilib rayonlar üzrə quraşdırılıb. Daha 240 ədəd lift artıq Bakıdadır. Əlavə olaraq liftlərə operativ xidmətin göstərilməsi üçün 5 ədəd yeni avtonəqliyyat vasitəsi də alınıb.
İndi biz bu 40 milyon manatın hesabatını soraq, sormayaq?
Həm də Bakı Lift İdarəsinin keçmiş baş direktoru Qüdrət Şükürovun qızına 400 min manatlıq toy etdiyi günlər də o qədər uzaq tarix deyil.
Gülşanə Mustafayeva, Bizim.Media