Ərzaq mallarının markalanmasında problemlər qalmaqda davam edir. Baxmayaraq ki, bu problemin həlli üçün müvafiq qanunlar qəbul edilib, Nazirlər Kabineti tərəfindən qərarlar verilib.
Di gəl ki, məhsulların markalanmasında problem hələ də var. Hazırda istehlak bazarında əcnəbi dildə yazılmış kifayət qədər mal və məhsullara rast gəlinir. Rusiyadan, İrandan və Türkiyədən gətirilən ərzaq məhsullarının çoxunun markası əcnəbi dildə olur.
Sənaye məhsulları isə bir qayda olaraq xarici dildədir. Məsələn, istənilən elektrik məhsulları alanda ordakı izahlar xarici dildə olur. Nəticədə, məhsul alan vətəndaş onun istifadə qaydasını bilməməsi səbəbindən avadanlıq qısa zamanda sıradan çıxır.
MÖVZU İLƏ BAĞLI:
Adları Azərbaycan dilinə tərcümə olunmayan mallar geri qaytarılır – RƏSMİ
Azad İstehlakcılar İctimai Birliyinin sədri Əyyub Hüseynov Bizim.Media-ya açıqlamasında məsələnin uzun illərdir ki, çözülmədiyin bildirdi.
“Dövlət Dili Haqqında qanunun 7.3 maddəsində Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır.
Bundan əlavə İstehlakçıların Hüquqlarının Müdafiəsi Haqqında Qanunun 13-cü maddəsində isə deyilir ki, ölkə ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Amma istər bu qanunun, istərsə də Nazirlər Kabinetinin 94 saylı qərarının tələbləri addımbaşı pozulur”.
Əyyub Hüseynov onu da əlavə etdi ki, elə ötən gün bu məsələ ilə bağlı Suraxanı rayon sakin Elşən Məmmədov bizə müraciəti edib.
“Vətəndaş öz müraciətində bildirir ki, bu yaxınlarda “İran malları” mağazasında şirniyat alıb. Amma şirniyatın üzərindəki istehsal tarixi və məhsulun tərkibi hamısı farsca yazılıb. Belə hallara daha çox firma mağazalarda rast gəlinir. Məsələn, Rusiyanın, Baltikyanı ölkələrin, Belçika, Almaniya və İranın paytaxtımızdakı firma mağazalarında bütün markalanma əcnəbi dildədir. Bu da həm Azərbaycan qanunvericiliyini pozulması, həm də ki, keyfiyyətsiz məhsulların dövriyyəyə buraxılması deməkdir”.
Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin də mövqeyini öyrəndik.
Qurumdan bildirildi ki, üzərindəki etiket məlumatları və adları Azərbaycan dilinə tərcümə olunmayan qida məhsullarının ölkə ərazisinə buraxılmaması və idxalçı ölkəyə geri qaytarılmasının tətbiqinə başlanılıb:
“Hələ də qida məhsullarının üzərindəki etiket məlumatları və adların Azərbaycan dilinə tərcüməsi ilə bağlı bəzi sahibkarlıq subyektləri tərəfindən ciddi qayda pozuntularına yol verildiyi aşkar olunmaqdadır.
Bu da öz növbəsində “Yeyinti məhsulları haqqında” və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərini pozmaqla yanaşı, istehlakçıların məhsul haqqında dolğun məlumat ala bilməməsinə səbəb olur. Həmin məhsulların saxlanılması və ya istifadəsi ilə bağlı qaydalara əməl olunmaması isə insan sağlamlığı üçün ciddi təhlükə yarada bilər”.
Surxay Atakişiyev, Bizim.Media