Lənkəran İcra Hakimiyyəti başçı Taleh Qaraşovla bağlı açıqlama yaydı – TAM MƏTN

Hazırda oxunan: Lənkəran İcra Hakimiyyəti başçı Taleh Qaraşovla bağlı açıqlama yaydı – TAM MƏTN

97731

Son zamanlar Lənkəran İcra Hakimiyyəti və icra başçısı Taleh Qaraşovla bağlı müxtəlif informasiyalar gündəmi yenidən zəbt etməkdədir. Belə yazıların tirajlanmasına icra hakimiyyətində hüquq mühafizə orqanlarının apardığı həbs əməliyyatının da səbəb olduğu bildirilir.

Mətbuatda yayılan məlumatların yalan və qərəzli olduğunu iddia edən Lənkəran İcra Hakimiyyəti Bizim.Media-ya xüsusi açıqlama ünvanlayıb.

Həmin mətni nöqtəsinə, vergülünə toxunmadan diqqətinizə çatdırırıq:

“Son günlər bir sıra media resurslarında və sosial şəbəkə seqmentlərində Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşovu açıq hədəf alan yazıların dövriyyəyə buraxılması ilə bağlı bildiririk ki, yazılarda sadalananlar faktı əks etdirmir, jurnalist təxəyyülünün məhsulu olmaqla bərabər, zaman baxımından da günümüzə aid olan məsələlər deyil.

Bu səpkili məlumatları fakt kimi ictimai rəyə sırımaq cəhdləri zaman-zaman olsa da, heç biri təsdiqini tapmayıb. Ucuz sensasiya yaratmaq, oxucu kütləsi toplamaq naminə yalan və böhtan xarakterli məlumatların məqsədli şəkildə dövriyyəyə buraxılması təəssüf doğurur.
“Copy+past” jurnalistikasının qeyri-ciddiliyini xatırlatmaqla yanaşı qeyd edirik ki, məqalələrdə göstərilən və təsdiqini tapmayan məlumatlar barədə vaxtılə mediaya açıqlamalar verilib. İcra başçısının özünün və övladlarının adına hər hansı şirkətin və biznesin olmamasını bir daha təkrar etməklə bərabər bildiririk ki, bu barədə məlumatlar qərəzli və məqsədli şəkildə yayılır. 

Lənkəran Gənclər Mərkəzinin (Gənclər və İdman Nazirliyinin balansındadır və hazırda fəaliyyətini davam etdirir), təhsil, səhiyyə, mədəniyyət idarələrinin yerli icra hakimiyyətinə tabeçiliyi yoxdur, eyni zamanda, “Dəniz” oteli sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsə aiddir və aidiyyəti qurumlara sorğu göndərməklə sözügedən məsələyə aydınlıq gətirilməsi mümkündür.

“Lənkəran Bazar” ASC-yə məxsus ticarət obyektləri üzərində mülkiyyət hüququ da icra hakimiyyətinə aid olan məsələ deyil.

Belə ki, torpağın alqı-satqısı, əmlakın özəlləşdirilməsi yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olmamaqla bərabər, icra başçısı bu cür məsələlərə heç vaxt müdaxilə etmir.

Bildiririk ki, rayon ərazisində dövlət səviyyəsində həyata keçirilən bütün inşaat işləri qanunvericiliyə uyğun olaraq açıq və şəffaf şəkildə öncədən elan olunan tender müsabiqələrində qalib gələn təşkilat tərəfindən həyata keçirilir və nəticələr barədə aidiyyəti elektron portalda tanış olmaq olar.

Media haqqında qanunvericilik iddialar əsasında hazırlanan yazıda qarşı tərəfin mövqeyinin öyrənilməsini zəruri edir, habelə yazı sonluğunda “qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq” qeydinin göstərilməsi peşə etikası ilə birbaşa bağlıdır.
Lənkəran ŞİH-nin başçısı barədə bir sıra saytların köhnə yazılarının yenidən gündəmə gətirilməsi qərəzlidir və ictimaiyyət arasında çaşqınlıq yaratmağa hesablanıb.

Xatırladırıq ki, vəzifəli şəxs barədə yalan, böhtan xarakterli və əsası olmayan məlumatların məqsədli şəkildə dövriyyəyə buraxılması hüquqi məsuliyyət yaradır. Bildiririk ki, Lənkəran ŞİH hər zaman ciddi mediaya açıqdır və əməkdaşlıqda maraqlıdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin