“İmam Mehdi”nin şeytan adlandırdığı qadından keçmiş ərinə qarşı ŞİKAYƏT 

Hazırda oxunan: “İmam Mehdi”nin şeytan adlandırdığı qadından keçmiş ərinə qarşı ŞİKAYƏT 

97551

Özünü "12-ci İmam Mehdi" kimi təqdim edərək qırx nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Aqil Babayevin cinayət işi üzrə zərərçəkmiş Mehman Baxışzadənin həyat yoldaşı məhkəməyə ifadə verib.  

Bizim.Media-nın xəbərinə görə, Xətai rayon Məhkəməsinə müraciət edən qadın keçmiş ərini övladına aliment ödəməkdən yayınmaqda günahlandırıb.  

Mehman Baxışzadənin keçmiş həyat yoldaşı iddia edib ki, birgə nikahdan dünyaya gəlmiş qızına aliment ödəməyib. Xətai rayon Məhkəməsinə müraciət edən qadın Mehman Baxışzadədən aylıq 500 manat aliment ödəməsini tələb edib.  

O bildirib ki, illər öncə ayrılıblar və Mehman Baxşızadə övladının xərclərini ödəməyib. Bu üzdən məcbur qalaraq məhkəməyə müraciət edib. 
Mehman Baxışzadə isə bildirib ki, bir şirkətdə tikinti üzrə usta işləyir, aylıq maaşı 300 manatdır. O, başqa uşaqlarının da olduğunu deyib və bunun nəzərə alınmasını istəyib. Məhkəmə onun üzərinə aylıq 193 manat aliment ödəmək öhdəliyi qoyub. 

Qeyd edək ki, Aqil Babayevin cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baxılır.   

Bu cinayət işi üzrə məhkəmədə ifadə verən zərərçəkmiş Mehman Baxışzadə ifadəsində deyib ki, Aqil Babayevi “İmam Mehdi” kimi qəbul edib, ona bu illər ərzində təxminən 10 min manat verib.  

Mehman Baxışzadə deyib ki, “İmam Mehdi” haqda söhbətlərinə görə evdə həyat yoldaşı ona gülüb. Onun ifadəsinə görə, bu məsələni Aqil Babayevə deyib, sonuncu isə onun arvadını “şeytan” adlandırıb, ondan ayrılmağını tövsiyə edib.  

Mehman Baxışzadənin ifadəsinə görə, Aqil Babayevin sözü ilə həyat yoldaşından boşanıb.  M.Baxışzadənin sözlərinə görə, bir müddət sonra o, “İmam Mehdi”nin tövsiyə etdiyi qadınla ailə qurub, toy məclisi edib, kəbinlərini də Aqil Babayev kəsib. Bu nikahdan da bir qızı dünyaya gəlib.  

Amma bir müddət keçəndən sonra həyat yoldaşının “İmam Mehdi” ilə sevgi münasibətlərini əks etdirən məktublar tapıb. Mehman Baxşızadə bildirib ki, Aqil Babayevə “12-ci İmam” kimi çox inandığına görə, həmin məktublarda yazılanlara inanmayıb.  
Amma yenə də qısqanclıq şübhəsi ilə yaşayan Mehman nəhayət 2012-ci ildə həyat yoldaşından ayrılıb. Amma Aqil Babayevin özünə bu haqda heç nə deməyib, ona biət etməyə davam edib. Bu hərəkəti Aqil Babayev həbs olunduğu vaxta qədər davam edib. 

İttihama görə, Aqil Babayev 2007-ci ildən 2020-ci ilə qədər olan müddətdə Bakı və Abşeronda yerləşən bağ evlərində dini məclislər təşkil edərək inanclı insanları özünün Mehdi Sahib əz-Zaman olmasına inandırıb. 

O, təşkil etdiyi dini məclislərdə özünü yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik göstərmək məqsədilə göndərildiyini deyib, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacibliyini vurğulayıb. 

Aqil Babayev insanları təsir altına salıb, hər ay ona pul ödənilməsini istəyib. Deyib ki, toplanan pullar kasıblara paylanır, şəhid ailələri, Qarabağ əlilləri üçün evlər tikilir. Tabeliyində olan insanlar onun sözündən çıxdığı təqdirdə isə, onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib. 
Aqil Babayev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin