“Deyirdi əsgərlikdən gəlim, nişan edək” – Şəhid Cəmil Adıgözəlovun nakam ARZUSU - FOTO

Hazırda oxunan: “Deyirdi əsgərlikdən gəlim, nişan edək” – Şəhid Cəmil Adıgözəlovun nakam ARZUSU - FOTO

97388

2 il 2 gün öncə o, vətən uğrunda canından keçərək şəhid olub...

Vətəni yağı düşmən tapdağından azad etmək, ərazi bütövlüyünü təmin etmək üçün Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igid oğullarımızdan biri də Cəmil Adıgözəlovdur. Cəmil 29 aprel 2002-ci ildə Sabunçu rayonu Ramana qəsəbəsində anadan olub.

2019-cu ildə Suraxanı rayonu Bülbülə qəsəbəsində yerləşən orta məktəbi bitirərək 2020-ci ilin aprel ayında hərbi xidmətə yollanıb.

Şəhidimizin anası Svetlana Adıgözəlova Bizim.Media-ya övladı ilə bağlı xatirələrini bölüşüb. Onun sözlərinə görə, Cəmil çox gülərüz və can yandıran övlad olub:

“Cəmil çox mehriban, gülərüz bir övlad olub. Sakit, heç  kimlə işi olmayıb. Elə 2020-nin may ayında əsgərliyə yollanmışdı. Çox sevinirdi ki, əsgər gedir, vətənin keşiyində dayanacaq. Onunla son ünsiyyətimiz oktyabrın 1-i olub, atası danışmışdı, deyirdi mən yaxşıyam, özünüzdən muğayat olun.

Elə 1 gün çəkmədi ki, şəhid xəbəri gəldi... Nə deyim, onun üçün çox darıxıram. Bir qız sevirdi, deyirdi ana, əsgər gedim gəlim nişan edək, amma qismət olmadı”, - deyə şəhid anası bildirib.
Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olan Cəmil Adıgözəlov Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə atıcı olaraq vuruşub.

O, 2 oktyabr 2020-ci ildə Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olub. Vətən müharibəsində göstərdiyi şücaətə görə, ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin