Moderator.az - a ölkənin ikinci paytaxtından qanunsuz sərnişindaşıma ilə bağlı növbəti məlumat daxil olub.
Bildirilir ki, icra başçısı Elmar Vəliyev bir neçə gün öncə keçirdiyi iclasda Gəncə Nəqliyyat Departamentinin orada iştirak edən nümayəndəsini bərk tənbeh edəndən sonra adıçəkilən qurum guya hərəkətə keçərək Nəriman Nərimanov dairəsinin yanından Göygöl rayonu istiqamətinə işləyən marşrut avtobuslarını oradan uzaqlaşdırıb.
Amma Gəncə sakinləri iddia edirlər ki, departmanet rəhbərliyi əslində icra başçısı Elmar Vəliyevin tapşrığını yerinə yetirmək əvəzinə onu aldatmaq yolu seçib. Belə ki, departamentin başbilənləri hiyləgərlik edərək həmin avtobusları oradakı küçəyə doldurub bir - bir Göygöl rayonu istiqamətinə yola salırlar. Halbuki qaydalara görə, Gəncə - Göygöl istiqamətində işləyən sərnişin avtobusları hərəkət edərkən Gəncənin içərisinə daxil olmadan çöl yolu ilə avtavağzallara girib çıxmalıdırlar.
Moderator.az-ın əməkdaşı Gəncə Avtovağzalı ilə əlaqə saxlayaraq gün ərzində təxminən nə qədər marşrut avtobusunun qanunsuz sərnişindaşıma ilə məşğul olduğunu öyrənmək istəyib, amma qurumdan hər hansı cavab almaq mümkün olmayıb. Cavab ala bilməsək də ümid edirik ki, Gəncədə bir sözü iki olmayan Elmar Vəliyev onu aldatmaqla yumurtadan yun qırxmaq istəyən nəqliyyat dəllallarını sərt şəkildə cəzalandıracaq.
Mövzunu diqqətə saxlayacağıq və hadisələrin sonrakı inkişafı barədə oxucularımızı məlumatlandırmağa çalışacağıq.

































































































