Pis vərdiş insanları niyə güclü hiss etdirir? – Psixoloq uşaqların yuvarlandığı UÇURUMDAN DANIŞDI

Hazırda oxunan: Pis vərdiş insanları niyə güclü hiss etdirir? – Psixoloq uşaqların yuvarlandığı UÇURUMDAN DANIŞDI

96673

Son illər küçələrdə, müxtəlif yerlərdə oğlan uşaqlarının siqaret çəkdiyini, asudə vaxtlarında bu kimi pis vərdişlərə daha çox yer ayırdıqlarını müşahidə edirik. 

Valideyn nəzarətindən kənarda qalan bir çox məktəbli siqaret, spirtli içki, narkotik vasitə kimi həyat üçün zərərli vərdişlərə meyil edirlər. Nəticədə həmin şagird həm təhsildən yayınır, həm də gələcək həyatını sual altına salır. Bu məktəblilər təkcə özünü deyil, yaxın dostlarını da bu uçuruma doğru aparır.
Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə aparılan sorğuya əsasən insanlar uşaqların siqaretə meyilli olmasını bir sıra nüanslarla əlaqələndirib:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda TƏHLÜKƏLİ SİQARETLƏR – Tütün bazarında qiymətlərini kim diqtə edir?


Alidə Əliyeva: “Öz aləmlərində böyüdüklərini təsdiq etməyə çalışırlar. Mən həmişə ayaq saxlayıb söhbət etmişəm, hətta birindən soruşdum ki, pulu hardan alırsan, dedi atam hər gün 2 manat verir dönər alım, mən isə siqareti döndərdən daha çox sevirəm. Acınacaqlı haldır”.

Şəfiqə Mütəllimova: “Mən neçə dəfə irad bildirmişəm. Ziyanlarını başa salmağa çalışmışam. Cavabında ziyan bizə olur da, sizə nə deyiblər...”

Fuad Orucov: “Bir neçə gün bundan əvvəl axşam saatlarında, təqribən saat 10-da elmlər metrosunun yanından keçəndə metronun girişindəki pilləkanlarda oturub siqaret çəkən azyaşlı bir uşaq gördüm. Uşağın yaşı 13-dən çox olmazdı. Üstəlik siqareti elə bir əda ilə çəkirdi ki, sanki yoldan keçənlərə özünün guya “lotu” olduğunu göstərərcəsinə. Mən də yanından keçəndə başımı çevirib uşağa acıqlı baxışlarla baxdım bir neçə saniyə. Uşaqda arxamca səsləndi ki nolub qaqa? Sanki məni döyəcəkmiş kimi bir səs tonu ilə özüdə ki. Halbuki uşaq özü də bilir ki o mənim üstümə kişilənmək üçün hələ çox balacadı”.

Bəs onları “siqaret”ə düçar edən əsas səbəblər nədir? 

Psixoloq Gülnar Orucova Bizim.Media-ya açıqlamasında bildirib ki, uşaqların əksəriyyəti bu pis vərdişə demək olar ki, 10-12 yaşlarından etibarən başlayır:

“Uşaqlar baxırlar ki, ailədə ata, baba siqaret çəkir və düşünürlər ki, böyümək, güclü olmaq siqaret çəkməklə əlaqəlidir. Nəticədə siqaretə həvəsləri yaranır və çəkərkən özlərini güclü, böyük, əsl kimi kimi hiss etməyə çalışırlar. İkincisi isə sosial şəbəkə, televiziya həmçinin kinoların da burada rolu böyükdür.
Uşaqlar sevdikləri personajların etdiyi davranışlara diqqət edirlər. O, xüsusilə siqaret çəkən biridirsə uşaq üçün siqaretə başlamaq bu bəhanə ilə də olur. Son dönəmlərdə təəssüflər olsun ki, tək kişilər yox, qadınlar da siqaret çəkdiyi üçün problem daha da böyüyüb. Çünki uşaq gözünü açır və görür ki, evə həm ana, həm də ata siqaret çəkir və oğlan uşaqları bunu ailə ənənəsi kimi görürlər.

"Onlar çəkir, axı mən niyə çəkməyim?" deyib başlayırlar. Amma bunun əksi də baş verir və uşaqları daha çox onun dostları, ətraf mühiti bu pis vərdişə sövq edir. Məktəblərin yanında yerləşən köşklərdə uşaqlara siqaretlər satılır bunun qarşısı alınmalıdır.
Uşaq valideyindən daha çox məktəbdə olur. Sinif müəllimləri bu işin üstünə ciddi düşməlidir” -, deyə qeyd edən G.Orucova valideynlərə təlim tərbiyə baxımından, döymək, cəza vermək, qışqırmaq, hədələmək kimi davranışları etməməyi tövsiyyə edib.

Səkinə Yusibli, Bizim.Media 


QEYD: Material Media Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının - 6.3.19. uşaq və gənclərin fiziki və mənəvi inkişafı - bəndinə uyğun olaraq hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin