Son bir həftədə ətin qiyməti 7-8 faiz bahalaşıb. Nəzərə alaq ki, gündəlik qida rasionumuzda ət xüsusi yer tutur. Ona görə də bu məhsulun qiymətinin qalxması xüsusi diqqət çəkir.
Mütəxəssislərin rəyinə görə bahalaşmanın 2 səbəbi var.
Birincisi, xarici faktordur. Beləki, hər il ölkəmizə 40-45 milyon dollarlıq ət məhsulları gətirilir. Son bir ildə dünyada baş verən qiymət artımı təbii ki, ölkəmizə idxal olunan bu məhsulun qiymətinə də öz təsirini göstərib.
İkincisi daxili faktordur. Son bir ildə bütün sahələrdə baş verən qiymət artımı heyvandarlığa da öz təsirini göstərib. Həm daşımaların, həm də yem məhsullarının qiymətində böyük ölçüdə bahalaşma olub. Bu da öz növbəsində fermerləri çətinduruma salıb.
Məsələ ilə bağlı Bizim.Media-ya danışan kənd təsərrüfatı üzrə ekspert Akif Nəsir ətin qiymətinin qalxmasını şərtləndirən səbəb kimi bazarlarda digər məhsulların qiymətinin artmasını görür.
MÖVZU İLƏ BAĞLI:
Heyvan mənşəli məhsullarda kəskin QİYMƏT ARTIMININ qarşısı alınacaq
“Çünki, ət satan həm də istehlakçıdır. Ona görə də bütün məhsulların qiymətinin bahalaşması fonunda ətin qiymətinin bahalaşmasında təəccüblü heç nə yoxdur.
İkincisi, Azərbaycanın bölgələrində ot qıtlığı müşahidə edilir. Hətta iyun-iyul aylarında yonca kipinin qiyməti ən azı 2 dəfə bahalaşdı. Amma indi yoncanın qiymətində müəyyən sabitləşmə var. Bununla belə yem məhsullarının qiyməti də artıb.
Məsələn, fermerlər arpanın kiloqramını əvvəllər 30-35 qəpiyə alırdılarsa, indi bu qiymət 45-50 qəpikdir. Bu da heyvandarlıq məhsullarının qiymətinin artmasını qaçılmaz edib”.
Akif Nəsir onu da əlavə etdi ki, yaxın müddətdə heyvan məhsullarının qiyməti artmaqda davam edəcək. İlin sonuna kimi isə rekord həddə çatacaq:
“Qiymət artımının bir səbəbi də inhisarçılıqdır. Nə qədər ki, inhisarçılq var, bahalaşma davam edəcək. Fermerlər mərkəzi bazarlara girə bilmədikcə ət daha da bahalaşacaq. Ən pisi də odur ki, yaxın aylarda ət məhsulları daha çox bahalaşacaq”.
Surxay Atakişiyev, Bizim.Media