Uzun illərdir leksikonumuzda istifadə olunan sözlərdən biri də stajdır. Yəqin ki, hamı söhbətin iş stajından getdiyinin fərqindədir. Hazırda dünyanın bir çox aparıcı beynəlxalq təşkilatlarında iş stajı 2 il olduğu halda, Azərbaycanda normal hesab olunan staj üçün lazım olan illərin sayı nisbətən daha çoxdur. Belə bir sual yarana bilər ki, haqqında danışdığımız staj məsələsinin bu gün işə götürən və işçi üçün nə kimi faydaları var və o nəyi həll etmək iqtidarındadır?
Hüquqşünas Əsabəli Mustafayevin sözlərinə görə qanunda əməyin stajla qiymətləndirilməsi ilə bağlı heç bir müddəa yoxdur:
MÖVZU İLƏ BAĞLI:
İşsizlikdən sığorta ödənişi ilə bağlı staj tələbi azaldıldı
“Hazırda Azərbaycan əmək bazarında stajın necə və hansı formada tətbiq edilməsi birbaşa olaraq işə götürən şəxslərdən və şirkətlərdən asılıdır. Bəzi xüsusi sahələr var ki, burada işçiləri kateqoriyaya bölür və dərəcələr üzrə qiymətləndirmələr aparırlar. Belə kompaniyalardan biri də hamıya yaxşı tanış olan SOCAR-dır. Orada dərəcələndirmə il bölgüsü ilə birbaşa bağlıdır və işçinin maaşının artması dərəcəsinin artması ilə düz mütənasiblik təşkil edir. Əslində bu kimi məsələlər işçinin bacarığından və işləmək həvəsindən asılı olaraq dəyişməlidir”.
İşə götürənlər müəyyən mükafatalandırmanı tətbiq etdikləri zaman işçilər arasında rəqabət artır və onlar həmin işdə öz biliklərini artırmağa doğru həvəslənirlər:
“Hazırda dünya praktikasında yeni bir işə daxil olmaq istədikdə lazım olan tələblər arasında staj deyə bir anlayış yoxdur. Onlar bunu tövsiyə məktubu kimi vasitələrlə əvəz edirlər ki, bu da kifayət qədər də uğurlu alınır. Misal üçün deyək ki, bizdə işçi ilə işəgötürən arasında mübahisə yarandığı zaman hər hansı bir səbəbdən dolayı işəgötürən onun əmək kitabçasına mənfi bir rəy daxil edə bilər. Tövsiyə məktubu ilə qurulan sistemlərdə isə işçinin keçmişdə çalışdığı müəssisənin rəhbəri onun haqqında pozitiv fikirlərini ifadə edərək onu başqa bir rəhbərə tövsiyə edir. Əgər işçidə onu qane etməyən hər hansı bir neqativ hal varsa, keçmiş rəhbər onun haqqında rəy verməkdən imtina edir”.
İqtisadçı Eldəniz Əmirovun fikrincə isə hər bir ölkənin mövcud maliyyə və sosial durumuna görə yaranan tələblərdən dolayı əmək bazarı və ona uyğun tələblər formalaşır:
“Bu kimi məsələlər sırf sahibkarın və ya işə götürənin qərar və imkanlarından asılı olaraq dəyişir. İşəgötürən insan bu mənada sərbəstdir. İşə götürdüyü işçini istədiyi formada qəbul edə bilər, amma buna digər aspektdən baxdıqda isə işin gündəlik rejimlə təkraralanan olub olmaması əhəmiyyət kəsb edir. Əgər təkrarlanan bir işdirsə işçi təcrübəsi və ya staj ona görə önəmlidir ki, sahibkar işçinin bu işi davamlı icra edib edə bilməməsi ilə bağlı qərar qəbul edə bilsin. Lakin elə işlər də var ki, onlarda təcrübəyə ehtiyac duyulmur”.
Yerli əmək bazarımızı da dəyərləndirən ekspert bildirib ki, Azərbaycanda işəgötürənlərin tələbləri kifayət qədər çoxdur:
“Əsas tələb kimi yaş və staj məsələlərini irəli sürürlər. Bura son dövrlərdə dil bilikləri də daxil edilir. Əslində isə işçinin işlədiyi işdə yaş və staj məsələsi elə də vacib deyil. Bunun da yalnız bir səbəbi var: İşçi bazarında iş axtaranların çox, işəgötürənin isə azdır. Nəticədə də işə götürən tərəf diktə edən tərəfə çevrilir. Məsələn Rusiyada işlə bağlı elanlara baxsaq görərik ki, orada əsas şərtlərdən biri iş vaxtı alkoqollu içkilərin qəbul edilməməsidir. Yəni bu kimi tələblər ölkədən-ölkəyə fərqli formatda dəyişir”.
Əslində bir çox dövlət müəssisələrində əmək haqqının hesablanmasına hələ də iş stajı faktoru əlavə olunur.
Bu işçinin əldə etdiyi keyfiyyət dərəcələrinə şamil edilmir. Staj məzuniyyətin müddəti məsələsində də nəzərə alınır.
Leyla Şah, Bizim.Media