Moderator.az bildirir ki, bu barədə əmək miqrasiyası ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin (DMX) keçirdiyi tədbirdə bildirilib. Tədbirdə ölkənin əmək bazarının qorunması ilə bağlı hazırlanmış təkliflər müzakirə edilib.
Tədbirdə çıxış edən Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, hazırda böhran səbəbindən əksər ölkələrdə iş yerləri ixtisar edilir, Azərbaycanda isə iqtisadi inkişaf davam etdiyinə görə, ölkəmizə gələn xarici işçilərin sayı artır. Belə ki, təkcə bu ilin birinci yarımilində nazirlik tərəfindən 9357 xarici işçiyə ölkəmizdə işləmək üçün icazə verilib, bu isə ötən ilin eyni dövrünə nisbətən 12% artıqdır. Amma bu müraciətlərin yalnız 7 faizi yüksək ixtisaslı mütəxəssislərdir. Nazir bildirib ki, ixtisaslı işçilərin azlığı təəssüf doğurur: «Belə vəziyyətdə əmək bazarını ixtisassız işçilərdən qorumaq və yüksək ixtisaslı mütəxəssislərin cəlb edilməsinə ehtiyac yaranıb».
Qeyd edək ki, əmək bazarının qorunması məsələsi prezident İlham Əliyevin də nəzarətindədir. Dövlət başçısının 2014-cü il 24 dekabr tarixli Fərmanında bununla əlaqədar konkret tapşırıqlar verilib. Fərmanda ƏƏSMN və DMX-ə tapşırılıb ki, ölkənin əmək bazarına gətirilən ixtisassız xarici işçilərin azaldılması ilə bağlı təkliflər hazırlansın. Eləcə də, tapşırığa əsasən ölkəyə yüksək ixtisaslı mütəxəssislərin cəlb olunması (patentləşdirmə) mexanizmi də yaradılmalıdır. (fins.az)
Artıq həmin təkliflər hazırlanıb. DMX-nin rəisi Firudin Nəbiyev bildirib ki, yeni təkliflər bu sahədə mexanizmi təkmilləşdirəcək. Təkliflərə əsasən, əmək bazarında ilk növbədə yerli işçi qüvvəsindən istifadəyə üstünlük veriləcək, xarici işəilər isə yalnız o zaman gətiriləcək ki, həmin ixtisas üzrə yerli işçi qüvvəsi yetərli olmasın.































































































