Ötən il 20 yaşadək qadınlar tərəfindən doğulan uşaqların sayı açıqlanıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Belə ki, 20 yaşadək qadınlar tərəfindən doğulan uşaqların ümumi sayı 9 476 nəfər olub. Onlardan 84 nəfəri 16 yaşa qədər analar, 341 nəfəri 16 yaşlı analar, 1225 nəfəri 17 yaşlı analar, 2 972 nəfəri 18 yaşlı analar, 4854 nəfəri 19 yaşlı analar tərəfindən doğulanlardır.
Qeyd edək ki, 2020-ci ildə 20 yaşadək qadınlar tərəfindən doğulan uşaqların ümumi sayı 12 209 nəfər olub.
Onlardan 103 nəfəri 16 yaşa qədər analar, 349 nəfəri 16 yaşlı analar, 14 465 nəfəri 17 yaşlı olan analar, 4133 nəfəri 18 yaşlı analar, 6159 nəfəri 19 yaşlı analar tərəfindən doğulanlardır.
Azərbaycanda erkən nikaha və məcburi evliliyə sövq edilənlərlə bağlı mütəmadi olaraq faktlar səsləndirlir. Elə ailələr var ki, nəinki 16, 14-15 yaşlı qız uşaqlarını ərə verirlər. Erkən nikahın qurbanları olan bu qızlar kobud şəkildə desək elə ailələri tərəfindən “zorlanır”.
Maraqlıdır, 16 yaşa qədər 84 uşaq dünyaya gətirən azyaşlının neçə valideyni məsuliyyətə cəlb edilib?
Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev Bizim.Media-ya açıqlamasında təcrübədə erkən nikaha görə valideynlərin məsuliyyətə cəlb edilməsinə rast gəlinmədiyini bildirib:
“Azyaşlı ilə cinsi əlaqəyə girən şəxslərin məsuliyyətə cəlb olunduqlarını görürük. Hətta nikah olmadan həddi-buluğa çatmamış qızla ailə qurmuş şəxslər də məsuliyyətə alınır. Sadəcə azyaşlının nikah yaşına çatandan sonra rəsmi nikaha alınacağı ilə bağlı ailələr arasında razılıq olursa, o zaman şəxsin məsuliyyəti bir qədər azaldılr. Çünki hər kəs anlayır ki, şəxsin həmin an həbsə göndərilməsi ailəni pis vəziyyətə salacaq. Şəxs həbsdən qayıdandan sonra ailəsi ilə yaşamaq istəyəcək, ya yox, o da sual altındadır.
Erkən nikaha görə valideynlərin məsuliyyətə cəlb olunması faktına isə rast gəlməmişəm. Eşitdiyimə görə son məqamda bəziləri valideyn tərəfindən məcburetməni inkar edirlər. Belə hallar var. Onda da məhkəmələr əlavə subutlar yoxdursa, ona müvafiq qərar verirlər”.
Vəkil qeyd edib ki, erkən nikahda valideynlər tərəfindən məcburiyyət varsa, onlar birmənalı olaraq məsuliyyətə cəlb edilməlidirlər:
“Nikaha məcburetmə ilə bağlı Cinayət Məcəlləsində məsuliyyət nəzərdə tutulub. Əgər azyaşlılar valideynlərindən xəbərsiz kimlərləsə görüşüb hamilə qalıblarsa, bu halda valideynlər məsuliyyət daşımırlar. Bu zaman onlarla əlaqədə olmuş şəxslər məsuliyyətə cəlb edilməlidirlər.
Əgər kimlikləri məlum olarsa, azyaşlı ilə cinsi əlaqədə olmaqla bağlı Cinayət Məcəlləsində nəzərdə tutulan maddə ilə məsuliyyət daşıya bilərlər və 3 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalanrıla bilərlər. Zorakılıq və zor tətbiqetmə isə artıq ağırlaşdırcı haldır. Praktikada buna görə 10 ildən 15 ilə qədər cəza nəzərdə tutulur. Hesab edirəm ki, hər katüqoriyaya görə məsuliyyət nəzərdə tutulsa, bu kimi halların azalmasına təsir edər”.
Alçina Amilqızı, Bizim.Media