Kərim Vəliyev Tbilisidə şəhid ailələri ilə görüşüb - FOTO 

Hazırda oxunan: Kərim Vəliyev Tbilisidə şəhid ailələri ilə görüşüb - FOTO 

96355

Gürcüstana rəsmi səfəri çərçivəsində müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev sentyabrın 28-də Azərbaycan səfirliyində olub.

Bizim.Media xəbər verir ki, bu barədə  Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfir Faiq Quliyev Azərbaycan Ordusunun Baş Qərargah rəisinə səfirliyin fəaliyyəti, həyata keçirdiyi layihələr və gördüyü işlər barədə məlumat verib. Sonra general-polkovnik Kərim Vəliyev səfirliyin binasında Gürcüstanda olan şəhid ailələrinin üzvləri ilə görüşüb.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Səfir Faiq Quliyev çıxış edərək Gürcüstanda yaşayan soydaşlarımızın Birinci və İkinci Qarabağ müharibələri dövründə Azərbaycan dövlətinə göstərdiyi dəstək və yardımlardan söz açıb.
Gürcüstandan olan 22 soydaşımızın şəhid olduğunu diqqətə çatdırıb. Bildirib ki, səfirlik Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandanın tapşırığına əsasən şəhid ailələrinin qayğıları ilə maraqlanır, onların problemlərinin həllinə çalışır.

Diplomat Gürcüstandan olan şəhidlərimizlə bağlı sənədli filmin çəkildiyini diqqətə çatdırıb, şəhidlərlə bağlı kitab hazırlandığını vurğulayıb.

Onun sözlərinə görə, dövlətimiz harada yaşamasından asılı olmayaraq bütün şəhid və qazi ailələrinə diqqət və qayğı göstərir. Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin təşəbbüsü ilə reallaşan bu görüş də məhz həmin siyasətin, diqqət və qayğının bariz nümunəsidir.
General-polkovnik Kərim Vəliyev Gürcüstandan olan bəzi şəhidlərlə, o cümlədən Azərbaycanın Milli Qəhrəmanı polkovnik İlqar Mirzəyevlə bağlı xatirələrini bölüşüb. Baş qərargah rəisi Gürcüstandan olan soydaşlarımızın Vətən müharibəsində əsl qəhrəmanlıq göstərdiklərini və heç bir şəhidin diqqətdən kənarda qalmadığını qeyd edib.

Bildirib ki, Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi də Müzəffər Ali Baş Komandanın tapşırığına əsasən şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğı göstərir. Sentyabrın 27-də keçirilən Anım Günündə nazirliyin rəhbər heyəti Şəhidlər xiyabanında şəhidlərimizin məzarlarını ziyarət edib, onların xatirəsini ehtiramla anıblar.
Bu görüşün məqsədi isə Gürcüstanda olan şəhid ailələrinin qayğıları ilə maraqlanmaq, onların problemlərinin həllinə yardım göstərməkdir. Görüşdə iştirak edən şəhidlərin valideynləri, qohumları və yaxınları göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər.

Sonra şəhid ailələrinə xatirə hədiyyələri təqdim olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin