Təminat xərcliyi anlayışına dəyişiklik edilir.
Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən və parlamentin plenar iclasına tövsiyə edilən “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, təminat xərcliyi (pul təminatı) hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir.
Dəyişikliyə əsasən, sonrakı artımlar təminat xərcliyindən çıxarılır.
Beləliklə, təminat xərcliyi (pul təminatı) hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğ hesab olunacaq.
Başqa sözlə, dəyişiklik pensiya hüququ əldə edən hərbi rütbəli şəxslərin pensiyasının əməkhaqqından sonrakı artımlar əsasında deyil, ölkə üzrə orta aylıq nominal əməkhaqqının artım tempinə uyğun qaydada təminat xərcliyinə əsasən, pensiya alan hərbi rütbəli şəxslərin əmək pensiyasının ümumi məbləğinin hər il yenidən hesablanaraq artırılması onların sosial müdafiəsinin yaxşılaşdırılması ilə yanaşı əmək pensiyalarının indeksləşdirilməsi metodologiyasında vahid yanaşmaya nail olunmağı məqsədilə hər il yenidən hesablanması üçündür.
Qanun qəbul ediləcəyi təqdirdə 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcək.
Bizim.Media