Ölümündən 3 ay sonra qızı doğulan Sehran Vəliyevin HƏYAT YOLU – “Şəhid olduğu gün “mühasirədəyik” dedi”

Hazırda oxunan: Ölümündən 3 ay sonra qızı doğulan Sehran Vəliyevin HƏYAT YOLU – “Şəhid olduğu gün “mühasirədəyik” dedi”

96084

“Qardaşımla şəhid olduğu gün danışdıq. Əhvalı yox idi. “Mühasirədəyik” dedi. Sonra da şəhid xəbərini aldıq”.

Bu sözləri kəşfiyyatçı şəhid Sehran Nizami oğlu Vəliyevin qardaşı Rəşad Vəliyev Bizim.Media-ya onun xatirəsindən danışarkən qeyd edib.

Rəşad Vəliyev deyir ki, özü və digər qardaşı da hərbçi idi. Sehrana onların da Vətən müharibəsində iştirak edəcəyini deyəndə sevindiyindən yerə-göyə sığmırdı:

“Vətən üçün yanıb-tutuşurdu. Döyüşlərdə olduğu üçün əhval-ruhiyyəsi çox yüksək idi. Hər gün telefonda danışırdıq. Ağız dolusu ordumuzun irəliləməyindən danışırdı və qürrələnirdi”.   

Sehran Nizami oğlu Vəliyev 23 fevral 1993-cü ildə Biləsuvar rayonunun Nəsimi kəndində anadan olub. Sehran 2000-ci ildə yaşadığı kəndin Rafiq Uzayev adına orta məktəbinin 1-ci sinfinə gedib. 2008-ci ildə o, Biləsuvar rayonundakı İ.A. Dəmirov adına Peşə Liseyinə daxil olub və oranı 2011-ci ildə 1-ci dərəcəli traktorçu-maşinist və 1-ci dərəcəli dəmirçi-çilingər ixtisası almaqla bitirib.

Sehran 2008-ci ildən kikboksinq idman növü ilə məşğul olmağa başlayıb və bir neçə dərəcə əldə edib. 20 aprel 2011-ci ildə hərbi xidmətə çağırılması ilə əlaqədar idman məktəbindən ayrılıb və 28 aprel 2011-ci ildən Dövlət Sərhəd Xidmətində qulluğa başlayıb. O, 2012-ci ildə hərbi xidmətini müvəffəqiyyətlə başa vurduqdan sonra doğma kəndinə qayıdıb və yenidən idmanla məşğul olub. Bir neçə dəfə ölkə üzrə yarışlarda nailiyyətlər əldə edib.

Qardaşının sözlərinə görə Sehranın hərbi sahəyə marağı onu yenidən bu çətin və məsuliyyətli işə qaytarıb:

“Sehranın müraciəti razılıqla qarşılanıb və 2016-cı ildə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin əmri ilə ona gizir rütbəsi verilib. Sonra ona kəşfiyyat manqasının komandiri kimi məsuliyyətli bir iş tapşırılıb və 3 il xidmət etdikdən sonra kəşfiyyat manqasının komandiri işləyib. 

Rəşad Vəliyev bildirib ki, qardaşı Füzuli, Ağdərə, Qubadlı istiqamətindəki əməliyyatlarda iştirak edib və 2 oktyabr 2020-ci ildə Füzuli istiqamətindəki ağır döyüşlərin birində qəhrəmanlıqla vuruşaraq şəhidlik zirvəsinə ucalıb. Ondan yadigar 3 övladı qaldı. Anamgillə birgə yaşayırlar. Üçüncü övladı ölümündən sonra dünyaya gəlmişdi.

Oktyabrda qardaşım şəhid oldu, yanvarda qızı doğuldu. Adını isə qardaşımdan qalan hədiyyə olaraq  “Hədiyyə” qoyduq”.  

Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Şəhid Sehran Vəliyev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

Alçina Amilqızı, Bizim.Media 

















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin