Bütün müharibələrdə türk qadını ərini, qardaşını, atasını və ən nəhayət övladını tək buraxmayıb. Onunla çiyin-çiyinə vuruşub. Və lazım gələndə də şəhid olub. Arəstə Baxışova kimi...
Bu qəhrəman xanım öz ölümüylə təkcə böyük qələbəmizə pay vermədi, həm də türk qadının yerini və statusunu bir daha dünyaya xatrlatmış oldu.
Göstərdi ki, tüklərdə aslanın erkəyi dişisi olmur. Vətən üçün üzü Tomrisdən bəri bütün türk qadınları ən dəyərli nemətlərindən, sevdiklərinin canından və ən nəhayət öz həyatlarından keçib. Necə ki, bunu Arəstə Baxışova da etdi...
MÖVZU İLƏ BAĞLI:
Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür
Onu tanıyanlar deyirlər ki, uşaqkən tez - tez atasının hərbi paltarını geyinən Arəstə “mən də hərbçi olacağam” – arzusu ilə böyüyüb. Doğrudur, o, pedaqoji kolleci bitirib. Amma hərbiyə olan marağı, həvəsi və taleyi onu Azərbaycan Silahlı Qüvvələrinin Baş Hərbi Hospitalında tibbi statist işləməyə gətirir. Sonra tibbi kurs keçərək Beyləqandakı hərbi hissədə tibb bacısı kimi fəaliyyətə başlayır. Vətən müharibəsinin başladığı 27 sentyabrdan isə ön cəbhəyə gedir.
Qanlı döyüşlərin getdiyi bir çox ərazilərdə olur. Hərbi feldşer kimi Arəstə Baxışova Vətən müharibəsi zamanı Füzuli, Zəngilan və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə neçə-neçə yaralı əsgərimizə döyüş meydanındaca tibbi yardım göstərir, onların həyatını xilas edir.
Bir sözlə, neçə hərbçimizə ana, bacı və yaralarına məlhəm olur. Sonda isə özü də ərənlərimiz kimi bu Vətən üçün canını veririr.
2020-ci ilin oktyabr ayının 23-də Qubadlı uğrunda gedən döyüşlərdə Arəstə Baxışova şəhid olur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə Arəstə Baxışova ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilir.
2021-ci il mayın 12-də isə Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən ingilis tibb bacısı Florens Naytingelin şərəfinə təsis olunmuş “Florence Nightingale” medalına da layiq görülür.
Özündən sonra isə şərəfli ad və Mərdanla Zəhra adlı 2 gözəl bala qoyub gedib. Allah rəhmət eləsin!
Surxay Atakişiyev, Bizim.Media