Ombudsman Anım Günü ilə bağlı BƏYANAT YAYDI

Hazırda oxunan: Ombudsman Anım Günü ilə bağlı BƏYANAT YAYDI

95977

"Ermənistan ötən dövr ərzində qadağan olunmuş kimyəvi silahlardan istifadə etməklə, qəsdən kütləvi yanğınlara səbəb olmaqla, ətraf mühiti, o cümlədən təmiz su mənbələrini fiziki və kimyəvi çirklənməyə məruz qoymaqla, təbiətə, flora və faunaya ciddi ziyan vurmaqla Azərbaycana qarşı həm də məqsədli şəkildə ekosid cinayəti törədib".

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın 27 Sentyabr - Anım Günü ilə əlaqədar yaydığı bəyanatında bildirilib. 

"İki il bundan əvvəl, yəni 2020-ci il 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələri yeni ərazilər işğal etmək məqsədilə Azərbaycan Ordusunun mövqelərini, habelə mülki əhalinin sıx məskunlaşdığı Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qaravənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutmaqla insan tələfatı ilə nəticələnən genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. 

Bununla əlaqədar Azərbaycan Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və işğal altındakı torpaqlarımızı azad etmək məqsədilə beynəlxalq hüquq normalarına, o cümlədən BMT-nin Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq əks-hücum əməliyyatları həyata keçirməklə özünümüdafiə hüququndan istifadə etmişdir. 
44 gün davam etmiş Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhalinin sıx yaşadığı Naftalan, Ağdam, Ağcabədi, Beyləqan, Daşkəsən, Füzuli, Goranboy, Tərtər rayonları və şəhər mərkəzləri intensiv şəkildə qadağan olunmuş silahlardan atəşə tutulmuş, hətta hərbi əməliyyatların aparıldığı bölgədən çox uzaq məsafədə yerləşən Gəncə və Mingəçevir şəhərləri, Bərdə, Qəbələ, Siyəzən, Xızı və digər rayonlar da uzaqmənzilli əməliyyat-taktiki və ballistik raket qurğularından açılan hücumlara məruz qalmışdı.

Ermənistanın növbəti hədəfi isə Azərbaycanın paytaxtı Bakı şəhəri olmuş, lakin buna nail ola bilməyib. 

Ermənistan silahlı qüvvələrinin qadağan olunmuş “Skad”, “Smerç” və “İsgəndər-M” tipli ballistik raketlərdən, habelə ağ fosforlu və kaset tipli sursatlardan çəkinmədən istifadə etməklə törətdiyi müharibə cinayətləri 12-si uşaq olmaqla 100-ə yaxın dinc sakinin qətlə yetirilməsi, 450-dən çox mülki şəxsin yaralanması ilə nəticələndi.

Bundan əlavə, Azərbaycan ərazisində 12 min mülki infrastruktur obyekti, o cümlədən 3410-dan çox ev, 120 çoxmənzilli yaşayış binası və çoxlu sayda məktəb, xəstəxana, uşaq bağçası ağır artilleriya atəşinə məruz qalaraq dağıdıldı və ya qəzalı vəziyyətə düşdü. 

Məlumdur ki, hazırda qlobal problemlərdən biri olan dövlətlər arasındakı silahlı münaqişələrin həlli və sülhün bərqərar edilməsi, bununla da bəşəriyyətin inkişafına ciddi maneələr yaradan halların aradan qaldırılması BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsi baxımından da əhəmiyyətlidir.
Buna görə də dayanıqlı inkişaf naminə sülhsevər və inklüziv cəmiyyəti təşviq etməklə bilavasitə fundamental insan hüquqlarının müdafiəsinə xidmət edən ədalətli və davamlı sülhün təmin edilməsi, xalqlar arasında irqi, etnik, dini zəmində ayrı-seçkiliyə, nifrət nitqinə, əsassız qarşıdurmalara və ikili standartlara son qoyulması olduqca vacibdir. 

Bu baxımdan Ermənistan və Azərbaycan arasındakı bütün hərbi əməliyyatlara son qoyulduğunu elan edən 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra Cənubi Qafqazda dövlətlərarası münasibətlərin yeni reallıqlara uyğun olaraq normallaşdırılmasına və inkişafına xidmət edən davamlı sülhün təmin olunması, regionda uzun müddət davam etmiş münaqişənin tam aradan qaldırılması, bölgədəki iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi üçün yeni imkanlar yaranıb. 

Bütün bunlara baxmayaraq, uzun illərdir Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürməklə bərabər irqi, etnik, dini zəmində kəskin nifrət siyasəti həyata keçirməklə sülh prosesinə müntəzəm şəkildə maneə yaradan Ermənistan hələ də insan hüquqlarının kobud şəkildə pozulmasına yönəlmiş hərbi təxribatlar ar törətməkdə davam edir. 

Postmüharibə dövründə Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycanın mövqelərinin dəfələrlə atəşə tutulması, habelə bu il sentyabrın 12-də gecə saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində hərbi qulluqçuların və mülki şəxslərin yaşamaq, təhlükəsiz yaşamaq, sağlamlıq hüquqlarının pozulmasına səbəb olan genişmiqyaslı hərbi təxribat törədilməsi bunu bir daha təsdiq edir.

Bundan əlavə, atəşkəs rejiminin dəfələrlə pozulması, qaranlıq hava şəraitində ərazinin dağlıq relyefi və mövcud dərə boşluqları istifadə edilməklə müxtəlif istiqamətlərdə, xüsusilə də, Azərbaycanın ərazilərində geniş bərpa-quruculuq işlərinin aparıldığı yerlərdə, təminat yollarında Ermənistanda istehsal olunmuş çoxsaylı minaların basdırılması, eyni zamanda son dövrlər erməni əsilli şəxslər tərəfindən xarici ölkələrdə Azərbaycanın diplomatik nümayəndəliklərinə edilən hücumlar da məhz Ermənistanın sülh tərəfdarı olmadığının göstəricisidir. 

Yeri gəlmişkən, Ermənistan tərəfindən işğal dövründə ərazilərimizə müxtəlif növ minaların və digər partlayıcı qurğuların basdırılması və onların dəqiq xəritələrinin ölkəmizə təhvil verilməməsi hələ də problem olaraq qalmaqdadır.

Ümumiyyətlə, 1991-2022-ci illər ərzində 3190 nəfər Azərbaycan vətəndaşı, o cümlədən 355 uşaq, 38 qadın mina qurbanı olmuşdur. 2020-ci ilin noyabr ayından 2022-ci ilin sentyabr ayınadək 242 nəfər mina qurbanı olmuş, onlardan 40 nəfər həlak olmuş, 202 nəfər ağır bədən xəsarətləri alıb. 
Ermənistan tərəfindən beynəlxalq humanitar hüquq normalarının, o cümlədən “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il tarixli Cenevrə Konvensiyalarının və onun Əlavə Protokollarının tələblərinə zidd olaraq qəsdən törədilən hərbi təxribatlar regionda dayanıqlı sülhə və təhlükəsizliyə böyük zərbə vurmaqla yanaşı, işğaldan azad edilmiş tarixi torpaqlarımızda həyata keçirilən geniş bərpa-quruculuq işlərinə və keçmiş məcburi köçkünlərimizin əzəli ata-baba yurdlarına qayıdışının qarşısını almaq məqsədi daşıyır. 

Yuxarıda qeyd olunanlara əsasən hesab edirik ki, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərindən, o cümlədən beynəlxalq humanitar hüquqdan, habelə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn öhdəliklərin səmərəli icrasında ədalətli və dayanıqlı sülhün mühüm rol oynadığını, lakin sülh prosesinə davamlı olaraq maneə yaradan Ermənistanın Azərbaycana qarşı etnik-dini zəmində nifrət və işğalçılıq siyasətindən hələ də əl çəkməməsi səbəbindən Cənubi Qafqaz regionunda davamlı sülhün təmin olunmasına daimi təhdid və təhlükənin mövcud olduğu nəzərə alınmaqla təxirə salınmadan aşağıdakı addımların atılması olduqca vacibdir: 

• Beynəlxalq təşkilatlar, dünya dövlətləri, xarici ölkələrdə fəaliyyət göstərən ombudsman təsisatları və digər milli insan hüquqları institutları irqi, etnik, dini və mədəni mənsubiyyətinə görə azərbaycanlıların hüquqlarını kobud şəkildə pozan Ermənistan Respublikası tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən beynəlxalq humanitar hüququn tələblərinə əməl olunması və daimi sülhün bərqərar edilməsi istiqamətində birgə səylər göstərməlidir; 

• Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə hörmət bəsləməli, mülki əhalinin həyat və sağlamlığı üçün təhlükə yaratmaqla yaşamaq, təhlükəsiz yaşamaq, sağlamlığın qorunması kimi fundamental insan hüquqlarının kobud şəkildə pozulmasına yönəlmiş təxribatçı əməllərə tamamilə son qoymalıdır; 

• Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin dəqiqləşdirilməsi məqsədilə delimitasiya və demarkasiya prosesi obyektiv şəkildə həyata keçirilməli və regionun siyasi-iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən sülh müqaviləsinin bağlanması təmin edilməlidir; 

• Ermənistan Birinci və İkinci Qarabağ müharibələri dövründə itkin düşmüş şəxslərin taleyi barədə Azərbaycana obyektiv məlumat təqdim etməli və işğaldan azad edilmiş ərazilərimizdə basdırılmış minaların dəqiq xəritələrini təhvil verməlidir; 

• Ermənistana məxsus qanunsuz silahlı dəstələr Azərbaycanın ərazisindən dərhal çıxarılmalı, regionun inkişafı üçün əhəmiyyətli nəqliyyat kommunikasiyalarının açılmasına, o cümlədən Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirəcək yeni nəqliyyat kommunikasiya xətlərinin inşasına, daxili məcburi köçkünlərin və qaçqınların öz əzəli ata-baba torpaqlarına geri qayıdaraq dinc şəkildə yaşamalarına şərait yaratmaqla 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın bütün şərtlərinə əməl edilməlidir; 
• Ermənistanda və onun sərhədlərindən kənarda azərbaycanlılara qarşı dözümsüzlük mühitinin formalaşmasına səbəb olan, tərəflər arasında dayanıqlı sülhün təmin edilməsinə maneə yaradan xoşagəlməz hadisələr, eyni zamanda erməni əsilli şəxslər tərəfindən açıq çıxışlarda, sosial mediada düşmənçiliyi təşviq edən nifrət və kin dolu ifadələrin işlənməsi kəskin şəkildə pislənilməlidir. BMT tərəfindən qəbul edilmiş “Diplomatik əlaqələr haqqında” 1961-ci il tarixli Vyana Konvensiyasına, "Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən diplomatik agentlərə yönəlmiş cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında" 1973-cü il tarixli Konvensiyaya uyğun olaraq Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə edilmiş hücumlarla bağlı qanuni ölçü götürülməlidir. 

Ümidvarıq ki, nüfuzlu beynəlxalq təşkilatların və sülhsevər dövlətlərin birgə dəstəyi nəticəsində insan hüquqlarının müdafiəsinə dair beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin, o cümlədən beynəlxalq humanitar hüquq normalarının, habelə Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən imzalanmış 2020-ci il10 noyabr və 2021-ci il 11 yanvar tarixli birgə bəyanatların bütün müddəalarının Ermənistan tərəfindən ardıcıl surətdə yerinə yetirilməsinə və beləliklə də, Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin edilməsinə nail olmaq mümkün olacaq". 

Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, YUNİSEF-in, YUNESKO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycanın xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin