Bakıda əcnəbi DİLƏNÇİLƏR – Onları ölkəmizə hansı məqsədlə gətiriblər?

Hazırda oxunan: Bakıda əcnəbi DİLƏNÇİLƏR – Onları ölkəmizə hansı məqsədlə gətiriblər?

95877

İş, təhsil, tibbi müayinə və digər səbəblərdən miqrantların Azərbaycana axını qəbulediləndir.

Lakin onların ölkəyə müəyyən bir adla daxil olub daha sonra dilənçilik etməsinin isə heç bir dildə adı yoxdur. Xüsusən də Bakının mərkəzi küçələrində gecə saatlarında xarici dilənçilərin insanlara və maşınlara yaxınlaşması şəhərimizin sakinlərində narahatlıq və qorxu yaratmağa başlayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

TƏCİLİ dilənçilər Bakı küçələrindən yığışdırılır – RƏSMİ


Əməkdaşlarımızdan birinin də ailəsi bu günlərdə bu həyacanı yaşamağa məcbur olub. Əliyar Əliyabəyov küçəsində maşınından mağazaya enmiş jurnalistimiz qayıdakən həyat yoldaşının belə bir qorxunun yaşadığının şahidi olub.
Adı çəkilən küçədə xarici dilənçilərin hücumuna məruz qalan Şölə Qədimova isə hadisənin qaş qaralan ərəfələrdə baş verdiyini söyləyib:

"Qaraşın bir oğlan mənə yaxınlaşıb öz dilində nələrsə dedi. Sonra isə əli ilə pul işarəsi göstərərək "money" sözlərini işlətdi. Danışdığı dil təxminən "Dari" və ya puştun dilinə çox yaxın idi, amma o, adamın pakistanlı, yoxsa əfqan olduğunu tam olaraq anlaya bilmədim”.

Son bir neçə ayda isə onların sayı durmadan artır. Əsasən İrandan, Pakistandan gəldikləri deyilən bu insanlar kimlərdir? 

Məsələyə münasibət bildirən Dövlət Miqrasiya Xidməti Yanında İctimai Şuranın sədri Azər Allahverənov söyləyib ki, bu cür dilənçilər Bakı küçələrində ara-sıra onun da qarşısına çıxır:

“Mən bu mövzuda xeyli araşdırmalar etdiyim üçün onların "Dari" dilində danışdığını dəqiq müəyyən etmişəm, amma həmin adamların pakistanlı, əfqan, yoxsa yerli qaraçılardan olduğunu müəyyən etməyə imkanım olmadı.Yerli qaraçıların da bəzi növləri var ki, danışdıqları dillər farsdilli xalqların dillərinə çox yaxındır və onlar özlərini "Roman" dilli qaraçı qruplarından hesab etmirlər”.

Ekspertin sözlərinə görə pakistanlıların mütləq əksəriyyəti ölkə ərazisinə viza ilə təmin olunmaq şərti ilə qanuni yolla daxil olurlar:

"Bəzən viza müddəti bitdikdən sonra isə Azərbaycanı tərk etmək istəmirlər. 2020-2021-ci ildə pandemiyanın kifayət qədər aktual olduğu bir dönəmdə quru sərhədləri bağlandığı üçün ölkədəki miqrantlar iki aylıq 60 manat ödəmək şərti ilə, qalma müddətlərini uzatmaq imkanı əldə ediblər. Həmin insanlar bu günə kimi ölkə ərazisində qala bilirlər. Əgər viza müddəti uzadılmırsa, onlar qeyri-qanuni miqrant kimi qeydə alınırlar və aidiyyati qurumlar tərəfindən ölkəni tərk etmələri üçün onlara 10 gün vaxt verilir".

Sosioloq Elçin Bayramlı isə bildirir ki, bəzi miqrantlar işləməkdən imtina edib asan qazanc arxasınca qaçırlar.

Bakının mərkəzi küçələrində daha varlı insanların yaşadığını düşünərək orada dilənməyə başlayırlar:

“Bu tip düşüncələrə sahib olanlar ölkədə yaşayan miqrantların 10-15 faiz təşkil edir. Əksər hallarda isə dilənçiliklə məşqul olanlar xüsusi qruplar halında fəaliyyət göstərirlər ki, bunu da "dilənçi biznesi" də adlandırardım”. 

Ekspertin qənaətincə  bu cür qruplaşmaların qanuni yolla qarşısının alınması çox çətindir.

"Cinayət törətmədikləri və qanunu pozmadıqları üçün bu tərkibli qruplaşmalar asanlıqla fəaliyyət göstərirlər. Gələcəkdə cinayət qruplaşmalarına qarışmaması üçün polis tərəfindən onların fəaliyyətinin qarşısının alınması mütləqdir. Adətən belə qruplaşmaların əksəriyyəti əvvəlcədən təşkil olunmuş halda ölkəyə gətirilir.
Onlar 20-30 nəfərdən ibarət qruplar halında bir yerdə qalır və avtobuslara yığılaraq müəyyən bölgələrə aparılaraq diləndirilirlər. Digər bir halda isə bu tip qrupların böyüməsi nəticəsində ölkədə "kriminogen" vəziyyət yarana bilər. Belə qrupları ölkədə heç kimin tanımadığı və onların qaldıqları yerlərin bilinmədiyi üçün polisə onları tapmaq xeyli çətinlik törədir. İnkişaf etmiş ölkələrin bir çoxunda belə ucuz işçi qüvvələrindən narkokuriyer kimi də istifadə olunur. Təhlükəsizlik baxımından belə qruplar ölkədən deportasiya olunmalıdır”.

Sosioloq vurğulayıb ki, bəzi miqrantların yerli sakinlərə dilənçi kimi yanaşması psixoloji olaraq da insanlarımıza mənfi təsir edir:

“İnsanlar dilənçilərin çoxluğundan bezirlər və qarşılarına həqiqi ehtiyacı olan insanlar çıxdığı zamanlarda da yardım göstərmək istəmirlər. Bu ümumi estetikanı yaralamış olur”.

Leyla Şah Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin