“4 gün sonra danışarıq” dedi, şəhid xəbərini aldıq” – İdmançı Polad Şirinovun HƏYAT YOLU

Hazırda oxunan: “4 gün sonra danışarıq” dedi, şəhid xəbərini aldıq” – İdmançı Polad Şirinovun HƏYAT YOLU

95436

Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan hərbi qulluqçularımızdan biri də Polad Seyran oğlu Şirinovdur. 

Əslən Yardımlı rayonundan olan şəhid Polad Şirinov 2002-ci il oktyabrın 5-də dünyaya göz açıb və Bakıda böyüyüb.

2009-cu ildə 1-ci sinfə Binəqədi rayonu 182 saylı məktəbə gedib. Sonra təhsilini 4-cü sinifdən etibarən Suraxanı rayonu 315 saylı orta məktəbdə davam etdirib. Karate  və kikboks kimi idman növləri ilə məşğul olub. Hərbi xidmətini Xüsusi Təyinatlı Qüvvələrdə davam etdirib və bitərəndən sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq çalışıb.

”Rəhmətlik atamın arzusu idi ki, Polad Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etsin. Elə də oldu... İndi hər ikisi də bir-birinə qovuşub”.

Bu sözləri Bizim.Media-ya şəhidin qardaşı Zülfüqar Şirinov deyib.

Onun sözlərinə görə Polad hərbi xidmətə gedəndən sonra namaz qılmağa başlayıb və oradakı yoldaşlarından torpaqla necə qüsul almağı öyrənirmiş:

“Bizə bu barədə heç vaxt danışmayıb. Hətta yoldaşlarına “ailəmin xəbəri olmasın” deyirmiş. Sonuncu dəfə setyabrın 11-də danışdıq. “4 gün sonra əlaqə saxlayacağam” dedi. Ayın 15-i şəhid xəbərini aldıq”. 

Zülfüqar Şirinovun sözlərinə görə qardaşının arzuları çox idi. “Təssüf ki, onlar yarım qaldı və sonadək reallaşdıra bilmədi. Amma ən ali zirvəyə yüksəldi və müqəddəs şəhid adını aldı. Qururumuzdur...” deyir. 
 

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində şəhid olan Müddətdən artıq Həqiqi Hərbi Xidmət Qulluqçusu Polad Şirinov Azərbaycan himni sədaları altında II Fəxri xiyabanda  dəfn edilib.


Şəhidimizin oktyabrın 5-də 20 yaşı tamam olacaqdı...

Məkanı cənnət olsun!

Alçina Amilqızı, Bizim.Media 














© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin