“Ölkəmizdə sürücülük vəsiqələrinin əldə edilməsi, avtomobillərin qeydiyyatı, avtomobil nömrələrinin verilməsi və s. bu kimi məsələlərdə heç bir dəyişiklik olmayıb”.
Bizim.Media xəbər verir ki, bu sözləri nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirib.
MÖVZU İLƏ BAĞLI:
Bu gündən sürücülük vəsiqəsi ilə bağlı rüsumlar ARTIRILIR
Ekspertin sözlərinə görə, dünənki qərarla Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi haqqında əsasnamə təsdiq edilib:
“Bu texniki xarakterli bir sənəddir. Əsasnamə mərkəzi informasiya sisteminin fəaliyyət qaydasını, funksiyalarını, istifadə qaydasını və s. müəyyən edir. Həmin sistem indiyədək necə var idi, eləcə də davam edəcək. DYP-nin demək olar ki, bütün fəaliyyəti bu sistem üzərindən həyata keçirilir. Həmin fəaliyyət indiyədək necə idisə, eləcə də davam edəcək. Filan işin həmin sistem vasitəsilə edilməsi, bunun sadəcə olaraq həmin sistemdə qeydiyyata alınması, bu işdə sistemin məlumatlarından istifadə edilməsi deməkdir”.
Ə.Hüseynov həmçinin məlumatında bildirib ki, istifadəçilərə öz elektron kabinetlərində bəzi məlumatlarla tanış olmaq, müraciət etmək kimi əlavə imkanlar yaradılmağı da gözləniləndir:
“İstifadəçinin elektron kabineti dedikdə yəqin ki, hazırda e-xidmet.mia.gov.az portalında olan kabinetdən söhbət gedəcək. Bir daha qeyd edirəm, bu sənəd sürücülər, sürücü olmaq istəyənlər, avtomobil sahibləri və s. üçün hər hansı yeniliyi, dəyişikliyi ehtiva etmir”.
Qeyd edək ki, sürücülük vəsiqəsinin verilməsi prosesindəki dəyişikliyə əsasən nəqliyyat vasitələrini idarəetmə hüququnun verilməsi üçün imtahanlar Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi vasitəsilə təşkil ediləcək.
Əsasnaməyə əsasən, sistem vasitəsilə nəqliyyat vasitələrini idarəetmə hüququnun verilməsi üçün imtahanların təşkili, sürücülük vəsiqələrinin doldurulması və verilməsi həyata keçiriləcək.
Səkinə Yusibli, Bizim.Media