Kəlbəcər-Laçın avtomobil yolunun 35-ci kilometrliyində inşa olunan Laçın Beynəlxalq Hava Limanının girişində inşa olunan tunelin uzunluğu 2400 metr olacaq.
Prezident İlham Əliyevin tapşırığına əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri - uzunluğu 76,3 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolunun və yol üzərində tunellərin inşası davam etdirilir.
Bizim.Media Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir ki, bu qurum tərəfindən yolun müəyyən hissələrində qazma-dolğu işləri icra olunur, yeni torpaq yatağı inşa edilir.
Bundan başqa, düzbucaqlı və dairəvi suötürücü boruların, həmçinin su kanallarının tikintisi, drenaj işləri və daş divarın inşası aparılır. Yolboyu tikintisi nəzərdə tutulmuş 12 avtomobil tunelindən 5-nin (T1, T2, T5, T6 və T7) tikinti işləri uğurla davam etdirilir.
Dolaylardan keçən mövcud yoldan istifadə ediləcəyi təqdirdə həddindən artıq sürüşmə zonalarına rast gəlinir.
Bundan başqa, qış fəslində güclü qar və şaxtalı hava şəraitində yolun təhlükəsiz istismarı mümkün olmaya bilər. Bununla əlaqədar dolayların birbaşa tunellər vasitəsilə keçilməsi qərara alınıb. Tunellər bir istiqamət üzrə bir hərəkət zolaqlı və 11,60 metr enində olacaq. Tunellərin ümumi uzunluğu 7596,5 metr təşkil edəcək.
Qeyd edilib ki, Kəlbəcər-Laçın yolunda inşa olunan birinci tunelin (T1) uzunluğu 187 metrdir.
Hazırda bu tunelin giriş portalının tikintisi həyata keçirilir. Uzunluğu 354,4 metr olan T2 tunelində giriş istiqaməti üzrə 115,8 metr qazma işləri görülüb. Uzunluğu 448,7 metr olan T5 tunelində çıxış istiqaməti üzrə 331 metr qazma işləri aparılıb.
T6 tunelinin uzunluğu 612,4 metrdir. Tuneldə hər bir istiqamət üzrə ümumilikdə 537,4 metr qazma işləri yerinə yetirilib. T7 tuneli 2420,1 metr uzunluğunda olmaqla inşa edilir. Tunelin hər bir istiqaməti üzrə ümumilikdə 532 metr qazma işləri görülüb.
Bu tunellərdə giriş və çıxış olmaqla hər iki istiqamətdə qazma, partlatma və qırıcı üsullarla qaya qruntlardan ibarət hissələrin kənarlaşdırılması işləri davam etdirilir.
Layihələndirilən digər tunellərdə isə işlərə mərhələlərlə başlanılması nəzərdə tutulur. T3 tuneli 900,2 metr, T4 tuneli 853,7 metr, T8 tuneli 230 metr, T9 tuneli 700 metr, T10 tuneli 200 metr, T11 tuneli 320 metr və T12 tuneli 370 metr uzunluğunda olacaq.
Diqqətə çatdırılıb ki, Kəlbəcər-Laçın avtomobil yolu boyunca torpaq yatağı üçün təməlin hazırlanması, yamacların formaya salınması, 12 düzbucaqlı və 4 dairəvi borunun inşası işləri davam etdirilir.
Kəlbəcər və Laçın rayonlarını birləşdirən bu avtomobil yolu 2, 3 və 4 hərəkət zolaqlı olmaqla, birinci, ikinci və üçüncü texniki dərəcələrə uyğun olaraq inşa edilir. Yolun ilk 38 kilometrlik hissəsində suların ötürülməsini təmin etmək məqsədilə ümumi uzunluğu 3348 metr olan 60 dairəvi boru, həmçinin zəruri yerlərdə ümumi uzunluğu 1038 metr olan 9 avtomobil körpüsünün inşası nəzərdə tutulur.
Kəlbəcər-Laçın avtomobil yolu başlanğıcını Kəlbəcər rayonunun Qamışlı kəndindən götürməklə işğaldan azad edilmiş Laçın rayonunun ərazisindən keçir.
Yeni yol bu rayonların bir çox yaşayış məntəqələri ilə yanaşı, rayon mərkəzinə və yenicə inşasına başlanılmış Laçın Beynəlxalq Hava Limanına qədər rahat gediş-gəlişi təmin edəcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:59 / 22.09.2022
Kəlbəcər-Laçın yolunun inşası ilə bağlı SON MƏLUMAT - FOTO
Hazırda oxunan: Kəlbəcər-Laçın yolunun inşası ilə bağlı SON MƏLUMAT - FOTO
Hazırda oxunan: Kəlbəcər-Laçın yolunun inşası ilə bağlı SON MƏLUMAT - FOTO
95274
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.