AMEA-da institut rəhbəri ilə elmi işçi arasındakı qalmaqal davam edir. Akademiyanın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi işçisi Lola Hüseynova institut rəhbəri Abbas Seyidovu məhkəməyə verib.
İlk məhkəmə iclası sentyabrın 29-da Yasamal Rayon Məhkəməsində baş tutacaq.
Bu barədə məlumatı Bizim.Media-ya Lola Hüseynova verib. İddiasına görə məhkəmə çəkişməsinə səbəb Abbas Seyidovun onu işdən uzaqlaşdırmaq üçün barəsində qərəzli və əsassız töhmət qərarı çıxarmasıdır.
MÖVZU İLƏ BAĞLI:
AMEA-da növbəti ÇƏKİŞMƏ – Elmi işçi institut rəhbərini MƏHKƏMƏYƏ verdi
Dediyinə görə 6 ilə yaxındır AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda çalışır və nümunəvi işçilərdən sayılır. Amma Abbas Seyidov və Kadrlar şöbəsinin müdiri Leyla Rustəmova vəzifəyə gəldiyi gündən etibarən təzyiqlərə, şantaja məruz qalıb, onu işdən çıxarmaq üçün səfərbər olublar.
Hətta "işdən uzaqlaşdırma planlarını" Leyla Rüstəmovanın köməyi ilə vəzifəyə gətirilmiş İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sədaqət Məmmədlidən istifadə edərək reallaşdırmağa çalışıblar. Ən son səbəb kimi isə guya icazəsiz qazıntı yerini tərk etdiyinə görə ona şiddətli töhmət verilib. Hansı ki, əvvəl ona hər hansı xəbərdarlıq olunmayıb.
Qərarla razılaşmadığını vurğulayan Lola Hüseynova işdən kənarlaşdırılması üçün barəsində düşünülmüş addım atıldığını və elə bu səbəbdən də məhkəməyə müraciət etdiyini qeyd edib. O, hüquqlarının bərpası və barəsində ədaləti qərar çıxarılanadək məhkəmə instansiyalarına üz tutacağını əlavə edib.
Qeyd edək ki, məsələ ilə bağlı Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru Abbas Seyidov Bizim.Media-ya münasibət bildirib. O, əslində Lola Hüseynovanı işdən azad etmək istəyində olduğunu etiraf edib.
İnstitut direktorunun bildirdiyinə görə Lola Hüseynova icazə almadan iş yerini tərk edərək qanundankənar instituta qayıdıb və burada vəzifəli şəxsi təhqir edib. Şöbə müdirini qolundan tutub sürüyüb.
Elə məhz vəzifəli şəxsi təhqir etdiyi və ictimai yerdə xuluqanlıq hərəkəti etdiyi üçün onu işdən azad etmək istəyib. Bir neçə şəxsin xahişi ilə bu addımı atmayıb və sadəcə onu şiddətli töhmətlə işdə saxlayıb. Amma eyni hərəkəti təkrarlayarsa, işdən azad edəcəyini bildirib.
Abbas Seyidov Lola Hüseynova ilə köklü problemi və qərəzi olmadığını da əlavə edib. Həmçinin, “dövlətin ali orqanı Lola Hüseynova haqqında müsbət qərar çıxararsa, şiddətli töhmət aradan qaldırılacaq” deyib.
Alçina Amilqızı, Bizim.Media