“Mən Serbiyanın Novi-Sad şəhəri ilə Gəncə arasında qardaşlıq əlaqələrinin qurulmasını təklif edirəm. Hesab edirəm ki, iki şəhər arasında xüsusi ilə iqtisadi, mədəni, təhsil və idman sahəsindəki əlaqələrinin genişləndirilməsi üçün imkanlar mövcuddur”.
Bu fikirləri Gəncədə rəsmi səfərdə olan Serbiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavljeviç söyləyib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, səfər çərçivəsində səfir Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb.
Şəhər rəhbəri Draqan Vladisavljeviçi salamlayaraq, rəsmi qonağa Gəncə şəhəri haqqında ətraflı məlumat verib. O bildirib ki, qədim tarixə malik olan Gəncə Azərbaycanın ən qədim şəhərlərindən biridir. Tarixən elm və mədəniyyət mərkəzi olan Gəncə eyni zamanda, Azərbaycanın sənaye şəhərlərindən hesab edilir. Burada bir sıra ali və orta ixtisas məktəbləri fəaliyyət göstərir. Gəncədə olan tarixi abidələr, muzeylər, park və xiyabanlar şəhərə gələn qonaqların zövqünü oxşayır.
Serbiya səfiri Draqan Vladisavljeviç Gəncə şəhərində olmaqdan məmnunluq duyduğunu bildirib. Söhbət zamanı rəsmi qonaq Serbiya və Azərbaycan arasında olan dostluq münasibətlərindən söz açıb, mövcud əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib.
Görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub, şəkil çəkdirilib.
Səfər çərçivəsində səfir Draqan Vladisavljeviç Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində dağılan ərazini ziyarət edib. Rəsmi qonağa məlumat verilib ki, Gəncə şəhərinin ardıcıl raket hücumlarına məruz qalması nəticəsində aralarında qadın və uşaqlar da olmaqla 26 mülki şəxs həlak olub, 142 dinc sakin isə yaralanıb. Şəhərdə mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Daha sonra Draqan Vladisavljeviç Nizami Gəncəvi Məqbərə Kompleksini ziyarət edib, Gəncə Dövlət Universiteti, “Azəraliminium” MMC və “Gəncə Şərab-2” ASC-də olub.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu