“Biz aptekdən 20 manata dərman almışıq. İndi isə dərmanı qaytarmaq istəyirik, ödənişi də kartla etmişik. Amma aptek ödənişi geri qaytarmaq istəmir. Gah deyirlər ki, ödəniş 5-15 dəqiqə, gah da 3-7 gün ərzində karta geri qaytarılacaq. Dərmanlar da bahalaşıb, son pulumuzu bu dərmana vermişik, indi qalıb onlarda, bilmirik nə edək...”
Bizim.Media Nigar Ramazanlı adlı Bakı sakininin şikayətinə əsasən xəbər verir ki, problem hələ də həllini tapmayıb. Əslində bu cür hallar çox adamın başına gəlir. Hazırda nağdsız ödənişlərin təşviqinin aparıldığı bir vaxtda bu vacib nüanslar insanları bu prosesdən çəkindirir.
Hüquqşünas Əsabəli Mustafayev mövzu ilə bağlı açıqlama verib. Mütəxəssisin sözlərinə görə, ödənişlərin geri qaytarılması hər hansı səbəblə məhdudlaşdırıla bilməz:
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunda bildirilir ki, 14 gün müddətində pərakəndə ticarət mərkəzindən alınmış mallar geri qaytarılması mümkündür. Əgər onlarda hər hansı qüsur, nöqsan tapılıbsa və həmin ticarət obyektindən alınmasını təsdiq edən qəbz saxlanılıbsa, rahatlıqla istehlakçı aldığı məhsulu geri qaytara bilər. Dərman preparatları da həmçinin buraya daxildir.
Sözügedən qanunda bunu qadağan edən hər hansı müddəa yoxdur. Sadəcə şəxsi gigiyena və yenidən satışı mümkün olmayan məhsulların geri qaytarılması qadağan olunur. Pulun karta geri qayıtması məsələsinə gəldikdə isə bu 14 günə qədər çəkə bilir.
Aptek sizə məhsulun qaytarılması barədə çeki təqdim edibsə, apteklik bir iş qalmayıb bank bu zaman ödənişi karta geri qaytarmalıdır”, - deyə Ə.Mustafayev qeyd edib”.
Bu əsnada bir neçə apteklə əlaqə saxladıq. Onların da bildirdiyi məlumata görə, geri qaytarılan dərmanlar ödəniş qəbzi ilə birlikdə tələb olunur:
“14 gün ərzində alınan dərmanlar ödəniş qəbzi ilə birlikdə bizə təqdim olunmalıdır. Çox zaman alıcılar kartla ödəniş etdikdən sonra verdiyimiz ödəniş qəbzini götürmürlər və ya itirirlər artıq bu zaman problem yaranmağa başlayır. Lakin heç bir problem olmadığı təqdirdə, geri qaytarılan məhsulun ödənişi olduğu kimi geri qaytarılır. Geri qaytarılan nağdsız ödəniş işə 7 iş günü ərzində kartın balansına köçürülür”.
Səkinə Yusibli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:30 / 21.09.2022
Apteklərdə KARTLA ÖDƏNİŞ problemi: Qaytarılan dərmanların pulu nə zaman verilməlidir?
Hazırda oxunan: Apteklərdə KARTLA ÖDƏNİŞ problemi: Qaytarılan dərmanların pulu nə zaman verilməlidir?
Hazırda oxunan: Apteklərdə KARTLA ÖDƏNİŞ problemi: Qaytarılan dərmanların pulu nə zaman verilməlidir?
94831
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.