Sentyabrın 15-də saat 08:50-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun birinci Şahsevən kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədini pozaraq, Azərbaycandan İrana keçməyə cəhd edərkən 4 əcnəbi vətəndaş saxlanılıb.
Bildirilir ki, Şri-Lanka vətəndaşı - 2002-ci il təvəllüdlü İnthirakumar Dishanth, 1981-ci il təvəllüdlü Seevarathnam Vijayakumar, 1993-cü il təvəllüdlü Ukenthiran Sayanthan və 1999-cu il təvəllüdlü Ramachandran Thilakshan sərhəd pozucusu qismində saxlanılıblar.
Bizim.Media xəbər verir ki, bu barədə DSX-nin məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, saxlanılan şəxslərdən üçünün rəsmi qaydada Qətərdən Doha-Bakı reysi ilə, birinin isə Birləşmiş Ərəb Əmirliklərindən Dubay-Bakı reysi ilə Azərbaycana gəlmələri müəyyən olunub.
Araşdırma zamanı Şri-Lanka vətəndaşlarının dövlət sərhədini pozaraq Azərbaycandan İrana, oradan isə Türkiyəyə keçməklə, Avropa olkələrindən birinə miqrasiya etmək niyyətində olmaları müəyyənləşdirilib.
Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bizim.Media