Təhsil Nazirliyinə və DİM-ə ETİRAZ - Məhkəmə yoxsa, muxtariyyat? - FOTO

Hazırda oxunan: Təhsil Nazirliyinə və DİM-ə ETİRAZ - Məhkəmə yoxsa, muxtariyyat? - FOTO

9419

“Universitetdə tədris və idarəetmə yetərincə rəqəmsallaşıb. AzTU, ADNSU, ADA, BANM , Qərbi Kaspi və s. universitetlər də bu sahəni inkişaf etdirmək üçün ciddi səylər göstərirlər, infrastruktur qururlar, Mərkəzlər formalaşdırırlar. 

Universitetlər təbii ki, bu addımları daha öndə olmaq üçün, əlavə təhsil xidmətləri üçün, yeni maliyyə imkanları üçün, beynəlxalq təhsil xidmətləri bazarına çıxış üçün atırlar. 

Bəs görəsən, bu tip Universitetlərimiz bunun faydasını görürlərmi, yaxın perspektivdə qoyulan investisiyaların bəhrəsini görə biləcəklərmi, rəqabətə davamlı bir təhsil qurumuna çevrilə biləcəklərmi?”

Bizim.Media xəbər verir ki, bunu “Facebook” hesabında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz təhsilin rəqəmsallaşması ilə bağlı məsələyə şərh verərkən qeyd edib.

O, hökumət, Təhsil Nazirliyi və DİM tərəfindən uiversitetlərin bu addımlarının qarşılığında yetərli dəstək, rəqabətli mühitin formalaşmasına səylər, normal tənzimləmə müşahidə olunmadığını bildirib:

“UNEC milyonlarla investisiya yatıraraq Distant Mərkəz qurub. Müəllimləri hazırlayıb, təhsil resurslarını rəqəmsallaşdırıb, Bu sualların cavabı olduqca dumanlıdır. İndiyədək hökumət, TN və DİM ali məktəblərə distant formada qəbul üçün qaydalar müəyyən etməyib, hər il hər bir ali məktəb üçün əyani və qiyabi forma üçün yerlərin sayı müəyyən olunsa da, distant formada təhsil üçün qəbul planı müəyyən olunmur. 

Sanki bir sıra universitetlərin inkişafı qəsdən ləngidilir. Bu cür mühit xeyli uzandığından düşünürəm ki, vəziyyətdən çıxış yolu aşağıdakılar ola bilər.

Birinci, hökumət distant formada təhsilin təşkilinə hazır olan ali məktəbləri audit edib lisenziya verməlidir, ya da cari ildə bu ali məktəblərə əyani və qiyabi təhsil forması ilə bərabər, distant təhsil formasında da qəbul yerlərinin sayını müəyyən etməlidir”.

Ekspertin sözlərinə görə əgər birinci bənd mümkün deyilsə, onda məsuliyyət universitetlərin üzərinə qoyulmalı və bu sahədə onlara muxtariyyat verilməlidir:

“Əgər 1-və 2-ci bənd alınmırsa onda düşünürəm ki, bu xidməti göstərməyə hazır olan universitetlər yığışıb, TN və DİM-i məhkəməyə vermək məsələsini nəzərdən keçirməlidir.

Yuxarıdakı bəndlərin heç biri mümkün olmayacaqsa, onda vəziyyət köhnə qaydada davam edəcək, ali təhsildə rəqabətli mühit formalaşmayacaq, yeni maliyyə mənbələri olmayacaq, universitetlər inkişaf üçün və beynəlxalq reytinqlərdə güclənmək üçün maraqlı olmayacaq, eləcə də müasir çağırışlara cavab verən kadrlar hazırlanmayacaq. 

Amma bu,  ağlabatan görsənmir. Çünki bir müddət öncə 4-cü Sənaye İnqilabının çağırışları, bununla bağlı ölkəmizin müəyyən etdiyi hədəflər və qarşıda duran vəzifələrlə bağlı Prezidentin irəli sürdüyü fikirlərə zidd olardı”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin