Müştərini gözəllik salonunda eybəcər günə saldılar: “Heç kimi yıxıb məcburi əməliyyat eləmirəm” – QALMAQAL

Hazırda oxunan: Müştərini gözəllik salonunda eybəcər günə saldılar: “Heç kimi yıxıb məcburi əməliyyat eləmirəm” – QALMAQAL

94152

Azərbaycanda qeyri-peşəkar və işini bilməyən kosmetoloqlardan şikayətlər çoxalır. Dünyanın bir çox ölkələrində kosmetoloq olmaq üçün ali tibb təhsili vacib sayılsa da Azərbaycanda bu kriteriyaya ciddi yanaşan yoxdur.

Elə bu səbəbdən də xoşagəlməz və bədbəxt hadisələr baş verir. Qarşısını almaq üçün isə aidiyyəti qurumlar tərəfindən heç bir müdaxilələr olunmur. 
Adının açıqlanmasını istəməyən müəllim Bizim.Media-ya müraciət edərək Sumqayıt şəhəri Sülh küçəsi, 30-cu məhəllədə yerləşən “Sənubər Studio” kosmetoloji mərkəzdən şikayətlənib.

Onun sözlərinə görə avqustun 27-də gözaltı qırış, sallanma və burunkiçiltmə proseduru üçün “Sənubər Studio”ya yaxınlaşıb.

Şikayətçi kosmetoloqa sentyabrın 15-nə kimi üzdə heç bir izin qalmaması, istədiyi prosedurlarla bağlı effektiv nəticə almaq istədiyini  və işə çıxacağı müddətə qədər ola biləcək hər hansı fəsadın nəzərə alınmasını xahiş edib.
Hətta bunun üçün xeyli məsləhətləşib. Kosmetoloq Sənubər Yusifova isə ona dərsə kimi üzdə heç bir iz qalmayacağına, burnunun yığılacağına, hətta tələbələri qarşısına gözəlləşərək çıxacağını vəd edib. Bir növ şirnikləndirici sözlərlə prosedura razı salıb.    

“Sənubər xanım məni inandırdı ki, dərs başlayana qədər üzdəki qızartı keçəcək və iz qalmayacaq. Gözaltınızdakı qırış xeyli azalacaq, dərin qırış olmayacaq. Sadəcə yanıq nöqtələri əmələ gələcək və o da  5-6 günə töküləcək.

Razılaşdım və şəkillərimi bütün rakurslardan çəkib proseduru etdi. 250 manatı Sənubər xanıma nağd ödədim, mənə qəbz və ya hər hansı rəsmi maliyyə sənədi vermədi. Prosedurdan sonra kosmetoloq mənə 15 manata çox kiçik həcmdə krem satmaq istədi. Götürmək istəməyəndə “almalısan, qızartı 6 aya kimi qala bilir” dedi.

Təəccübləndim və “6 ayı niyə mənə öncədən demədiniz? - deyə etiraz etdim. Cavab vermədi. Anladım ki, aldanmışam”.

Şikayətçi qeyd edib ki, prosedurdan sonra görünüşü daha da pisləşib:

“Dəri bir qədər dartıldı deyə burnumda çox kiçik də olsa dikləşmə hiss olundu. Yanıq nöqtələri 9-10 günə töküləndən sonra burun yenidən aşağı düşdü və dərimdə xoşagəlməyən tərzdə deşik-deşik izlər, qızartı, kələ-kötürlük qaldı.

Üstəgəl gülərkən gözaltı qırış və burun ölçümün dəyişmədiyini gördüm. Sentyabrın 6-da burnumu və gülərkən gözaltı qırışımın fotosunu çəkərək Sənubər xanımın “whatsapp”ına göndərdim.
Prosedurun heç bir faydası olmadığını qeyd edib, pulun geri verilməsini tələb etdim. Xanım isə məni haqsız çıxararaq, üzümdə xeyli dəyişikliyin olunduğuna inandırmağa çalışdı. Əziyyət çəkdiyi üçün xanıma “zəhmətə görə 50 AZN-i saxlayın, 200 AZN-i qaytarın” dedim.

Əsəbləşib özündən çıxdı. “Mən sizinlə sakit danışıram deyəsən, nə pul qaytarmaq? İşimi görmüşəm, pulumu da almışam, heç nəyi də qaytarmıram, məndən pul ala bilməzsən, get hara şikayət edirsən et” deyə nömrəmi əngəllədi.

Qeyd edim ki 250 AZN-dən əlavə, 20 AZN-dən çox Betadin, Furasemid, Azitrometsin, Ekspiqment dərmanlarına da pul xərcləmişəm. Özü prosedurdan sonra bunları dedi və mən də alıb istifadə etməyə məcbur oldum”.

Şikayətçi bir gün sonra “Sənubər Studio” ya gedib və canlı görünüşü ilə prosedurun heç bir xeyri olmadığını sübut etməyə çalışıb:

“Bu dəfə vəziyyətdən sıyrılmaq üçün burnumun hələ 6 aya yığılacağını, şiş olduğunu bildiridi. Özümdən çıxdım. Elə idisə prosedurdan əvvəl niyə bildirilmədi deyə növbəti dəfə etiraz etdim. Kosmetoloq isə guya mənə bu barədə əvvəlcədən məlumat verdiyini deyib, hər dəqiqə özünə sərf edəcək bir yalan uydurmağa başladı.

Ayın 27-sinin kamera görüntülərini tələb etsəm də razılaşmadı. Evə qayıdandan sonra “whatsapp” vasitəsilə səs göndərərək məni təhqir və təhdid etməyə (bütün səslər var) başladı. Halbuki telefonda və salonda da onunla nalayiq, yaxud yüksək səslə danışmamışam.
Sonradan öyrəndim ki, yüzlərlə xanımı effektsiz, hətta zərərli prosedura görə yalandan aldadıb pullarını alıb. Haqqını tələb edənləri isə təhdid edir. Hətta “İnstagram” səhifəsində də insanları aldatmaq məqsədilə yalan şəkillər paylaşır, “smasliftinq” əməliyyatıyla tam dartılan dərinin şəklini paylaşaraq,  guya pleksrlə işlənib kimi təqdim edir.

Başqalarının işlərini paylaşır. Bəzi şəkillərin üstündə Pleksr Plus sözü yazılıb. Hansı ki, o xanımdakı aparat “plus” deyil”. 

Hüquqlarının bərpasını və pulunun geri qaytarılmasını istəyən pedaqoq üzündki yanıq izləri ilə bağlı uzunmüddətli həkim müalicəsindən keçməli olduğunu, hətta buna xeyli xərc tələb edildiyini vurğulayıb. 

Məsələ ilə bağlı Sənubər Yusifova Bizim.Media-ya açıqlamasında barəsində olan iddialarla razılaşmayıb. O, deyib ki, əslində müştəri xanıma prosedurun 6 ay sonra effekt verəcəyi barədə əvvəlcədən məlumat verib və prosedurdan sonra baş verə biləcək müvəqqəti fəsadlarla bağlı məlumatlandırıb:

“Onun deməyi ilə deyil. Siz özünüz də bilirsiz ki, yara 6 aya sağalmır. Üstəlik həkim də, hamı da bilir ki, pleksr prosedurunun reablitasiya müddəti var. Avqustun 27-də proseduru etmişəm. 3 aydan 6 aya qədər gözləməlidir.
Onun burnunu, gözünü çıxarmamışam və öldürməmişəm. Sağalmasa, 6 aya danışarıq. Pulunu niyə geri verməliyəm ki? Əziyyət çəkib, iş görmüşəm. Camaat gedib ürək əməliyyatı edir və xəstəni öldürür. Heç ondan pulu geri ala bilmirlər. Ona heç bir ziyan vurmamışam. 5 ildir bu işin içindəyəm. Heç kəsi də zorla bura yıxıb əməliyyat etmirəm”.

Kosmetoloq müştərini təhqir etməsi məsələsinə də münasibət bildirib. O, deyib ki, əksinə müştəri ona hədə-qorxu gəlib:

“Mənim 57 yaşım var. Uşaq deyiləm ki, barəmdə ora-bura şikayətlənir. Səhifəmə baxın, görün orada mənə nə qədər minnətdarlıq edənlər var. Bu günə qədər heç bir pasiyentimlə problemim yaşamayıb. Bu xanım nədən narazıdır, anlamıram”.

Qeyd edək ki, sözügedən kosmetoloji mərkəz lisensiyasız və vergisiz fəaliyyət göstərir. Ümumiyyətlə ölkədə bu qayda ilə fəaliyyət göstərən salon və mərkəzlərin sayı kifayət qədərdir.
Ümid edirik, aidiyyəti qurumlar bu tip xidmət mərkəzlərinin fəaliyyətini təftiş edəcəklər. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin