MİDA mənzillərinin satışına kiber müdaxilələr olub

Hazırda oxunan: MİDA mənzillərinin satışına kiber müdaxilələr olub

94025

Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 815 mənzilin 15.09.2022-ci il tarixində güzəştlə satışı prosesi başlamamışdan öncə ictimai əhəmiyyətli infrastruktur obyektləri olan dövlət orqanlarının informasiya sistemlərində əlavə yüklülük doğuran texniki nasazlıqlar aşkar edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin, Mənzil İnşaatı Dövlət Agentliyinin, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə məlumatında bildirilib.

Qeyd olunan halların hazırkı mərhələ üzrə güzəştli şərtlərlə mənzil seçimi prosesinin obyektiv nəticələrinə mümkün təsirləri nəzərə alınaraq mənzil satışının vaxtı təxirə salınıb.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən başlanılmış ilkin araşdırmalar zamanı Elektron Hökumətin İnkişafı Mərkəzinin “ASAN Login” sisteminə ölkə hüdudlarından xaricdə yerləşən qlobal hostinqlərə məxsus İP aralıqlardan istifadə edilməklə iri həcmli kiberhücumun olduğu aşkar edilib.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 273.4-cü (İctimai əhəmiyyətli infrastruktur obyektlərinin kompyuter sisteminə və ya kompyuter məlumatlarına qanunsuz müdaxilə) maddəsi ilə cinayət işi başlanılmaqla istintaq və əməliyyat-texniki tədbirlər həyata keçirilir.

Hazırda aidiyyəti dövlət orqanları ilə birgə qeyd olunan kiberhücum kanalları tam təsbit edilərək bloklanıb.

Güzəştli şərtlərlə mənzil seçiminin tarixi ilə bağlı ictimaiyyətə ən qısa zamanda məlumat veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin