Qeyri-yaşayış obyektlərini necə özəlləşdirmək olar? – Proseduru keçməsəniz, sahə ƏLİNİZDƏN ALINA bilər

Hazırda oxunan: Qeyri-yaşayış obyektlərini necə özəlləşdirmək olar? – Proseduru keçməsəniz, sahə ƏLİNİZDƏN ALINA bilər

93718

Sənədsiz tikililər arasında qeyri-yaşayış sahələri üstünlük təşkil edir. Bu kateqoriyaya İcra Hakimiyyəti Başçılarının sərəncamı ilə qeyri-yaşayış məqsədi ilə ayrılan torpaqlarda tikilən tikililər də daxildir.

Bakı sakini Arzu Əzimova Bizim.Media-ya verdiyi açıqlamada bildirib ki, 3 il öncə ilkin müqavilə əsasında aldığı bərbərxana üçün hələ də çıxarış ala bilmir:

“Aidiyyatı qurumlara müraciət etdikdə isə lazım olduğu deyilən sənədlər mövcud reallıqla uzlaşmır. Bəziləri icarə müqaviləsinin, bəziləri obyektin layihəsinin alınmasının vacibliyini vurğulayır”.

Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimlinin dediyinə görə əgər vətəndaş əmlakı özəlləşdirməyibsə, sərəncamla verilən və hətta üzərində tikili olan torpaqların İcra Hakimiyyəti tərəfindən geri alınması məhkəmə yolu ilə mümkün ola bilər.

Qeyri-yaşayış obyektinin sənədləşdirilməsi prosedurunu isə ekspert belə izah edib:

“Əgər torpaq dövlətin mülkiyyətindədirsə, dövlət qurumu o torpağın hər hansı bir sahibkarlıq məqsədi ilə ayrılmasına sərəncam verə bilər. Bu zaman tikintiyə başlamazdan öncə torpağın üzərindəki tikilinin layihəsi çəkilərək müfaviq icra hakimiyyəti ilə razılaşdırılır. Bu qeyri-yaşayış sahəsi olduğu üçün digər müvafiq dövlət qurumları ilə də razılaşdırılmalıdır. Buraya Şəhərsalma və Arxitektura Üzrə Dövlət Komitəsi, Fövqaladə Hallar Nazirliyi və Kommunal Qurumlar aiddir. İlk öncə tikilinin memarı tərəfindən qəbul olunan sənəddə sadalanan qurumların razılığı qeyd olunur.
 

Qurumlarla razılıq əldə olunandan sonra isə obyektin tikintisinə başlanılır və İstismara Qəbul Aktı hazırlanır. Memarlıq sənədləri və İstismara Qəbul Aktı, Dövlət Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim olunur və komitə tərəfindən vətəndaşa texniki pasport və ya çıxarış verilir”.


Əmlak Məsələləri Dövlət Xidmətindən isə bildirdilər ki, qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi ilə bağlı xidmətə daxil olan müraciətlər zamanı özəlləşdirmə proseduru iki üsulla həyata keçirilir:

1. İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi üsulu ilə - Bu halda icarəçi icarəyə götürdüyü qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə ərizə ilə müraciət edir. Xidmət tərəfindən  qeyri-yaşayış sahəsinin özəlləşdirilmək üçün icarəçiyə təklif olunması barədə qərar qəbul edilir. Bu barədə icarəçiyə bildiriş göndərilir və icarəçi ilə alqı-satqı müqaviləsi bağlanılır.

2. Dövlət əmlakının hərraclar vasitəsilə özəlləşdirilməsi üsulu ilə - Həmin zaman istifadəsiz qeyri-yaşayış sahələri özəlləşdirilməsi məqsədilə hərraca çıxarılır. Bu barədə Xidmətin www.emlak.gov.az rəsmi internet saytında və www.privatization.az özəlləşdirmə portallarında müvafiq elan verilir. Hərracda qalib müəyyən edilir və onunla alqı-satqı müqaviləsi bağlanılır.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin