Son vaxtlarda yetkinlik yaşına çatmayan qızların erkən evləndirilməsi və ya nikahdankənar, təcavüz nəticəsində hamilə qalma hallarında artım müşahidə olunur. Bir neçə gün öncə 13 yaşlı yetkinlik yaşına çatmayan qızın uşaq dünyaya gətirməsi böyük təəssüf və ajiotaj yaratdı. Aidiyyatı qurumlar tərəfindən sözgüdən məslələr nəzarətə götürülsə də, qaydaların daha da sərtləşdirilməsi labüd görülür.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri professor Hicran Hüseynova Bizim.Media-ya mövzu ilə bağlı açıqlama verib.
Deputatın sözlərinə görə, bu hadisələrin statistik göstəricisindən daha çox onun yaratdığı fəsadlı nəticələrin aradan qaldırılması, cəmiyyətin reaksiyası, münasibəti daha mühümdür:
“Valideyn kimi, vəzifəli şəxs kimi, vətəndaş kimi hər birimiz belə halların baş verməməsi üçün öz səlahiyyətlərimiz çərçivəsində fəaliyyət göstərməliyik. Və bir vahid sistem halında səy göstərməliyik. Maariflənmə işlərini daha da gücləndirməliyik, bu istiqamətdə araşdırmalar aparılmalı, səbəblər müəyyən edilməlidir. Bu bir cinayət hadisəsidir. Sözügedən cinayət və zorakılıq hallarının qarşısının alınması sahəsində qanunvericilik aktları var.
Lakin eyni zamanda, baş vermiş bu və ya oxşar cinayət və zorakılıq hadisələri mövcud qanunvericilik bazasına yenidən nəzər salmaq zərurətini yaradır.
Və qeyd etmək istərdim ki, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi olaraq, bu sahədə bir neçə dəfə dövlət qurumları, vətəndaş cəmiyyətinin nümayəndələri, bu istiqamətdə tanınmış ekspertlərin iştirakı ilə ictimai dinləmələr keçirmişik. Müzakirələr zamanı bir çox təkliflər səsləndirilib və bu təkliflər qruplaşdırılmış həmçinin daha da təkmilləşdirilərək müvafiq qaydada təqdim edilib”, - deyə H.Hüseynova açıqlamasında qeyd edib.
Səkinə Yusibli, Bizim.Media