Uşaqları 5 yaşında hazırlığa niyə QOYURUQ? – Mütəxəssislər HƏYƏCAN TƏBİLİ çalır

Hazırda oxunan: Uşaqları 5 yaşında hazırlığa niyə QOYURUQ? – Mütəxəssislər HƏYƏCAN TƏBİLİ çalır

93379

Repititor yanına getmək günümüzün dəbinə çevrilib. Artıq 5 yaşlı uşaqlar üçün də repetitor tutmaq ənənəyə çevrilir. Praktiki olaraq ölkədəki hər üç azyaşlıdan biri repetitorla məşğul olur. Halbuki onların bu yaşda yüklənməsini həm pediatrlar, həm də psixoloqlar qadağan edir.

Əslində 5 yaşlı uşaqlar üçün məktəbəqədər hazırlıq qrupları fəaliyyət göstərir. Məsələ burasındadır ki, valideynlər bu qruplarla kifayətlənməyərək, əlavə olaraq övladlarını hazırlıqlara yönəldirlər.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə valideynlərin 5 yaşında övladlarını hazırlığa göndərmələrinin səbəbi orta məktəbdə təhsilin keyfiyyətsizliyi və repititorluğun dəb halını almasıdır: 

“Normal təhsil verilsə də, repititorluq dəb kimi formalaşıb. Amma bir reallıq da var ki, müəllimlərin özləri də repititor yanına gedən uşaqları görüb dərs keçməkdə maraqlı olmur.

Təssüf ki, günün reallığı budur və 4 yaşında belə hazırlığa gedənlər var. Düzdür, bu yaşda uşaqların hazırlıqlara getməsi elmin inkişafına və müəyyən fikirlərin formalaşmasına təsir etsə də, onların daha tez yorulmaları ilə nəticələnir.

Yuxarı təhsil pilləsində isə onların təhsilə maraqları əvvəlki kimi olmur. Çünki zehni yorğunluqla nəticələnirlər. Bu da yolverilməzdir. Uşaqlar öz yaş dövrünü yaşamalıdır”. 

Ekspertin fikrincə, yaxşı olar ki, valideynlər öz övladlarını sonrakı mərhələdə repitiror yanına göndərsinlər:

“Hansısa fənndən zəifliyi olan uşağın məhz o üzrə repitittor yanına getməyi məsləhətlidir. Uşağı nədə zəif olub-olmadığını bilmədən, bütün fənnlər üzrə hazırlıqlara göndəririksə, onun üçün qarşıdakı dövr üçün böyük problem yaradırıq.

Bu gün ümümtəhsil müəssisələrində icbari təhsil pulsuzdur. Valideynlər ən əsası övladlarının oxuduğu məktəbdə keyfiyyətli təhsil almalarına çalışmalıdırlar”.  
Pediatr Vaqif Qarayev uşaqların 6 yaşında məktəbə getmələrinə belə razı deyil:

“Amma indi qanun belədir. Gərək 6 yaşında uşaq məktbdə olsun. 5 yaşında uşaq niyə repititor yanına getməlidir? Məktəbəhazırlıq uşaq bağçalarında keçilir. Bu uşaqların sosiallaşması baxımından da əhəmiyyətlidir. Çünki kollektivdədir. 1 ildən sonra başqa kollektivə düşəcək.

Ona görə uşaq kollektivin nə olduğunu bilməlidir. Həm də bağçalarda uşaqlara təhsillə bağlı güclü təzyiq olmur. Nəyi öyrənə bilirlərsə, öyrənirlər. Valideynlər var ki, məktəblə yanaşı 6 yaşlı uşaqları müəyyən kurs və dərnəklərə aparırlar. Sanki 6 yaşında uşaqdan Eynşteyn hazırlıyırlar.

Bu yaşda uşağın məktəbdənkənar nələrləsə məşğul olmanın əleyhinəyəmsə, 5 yaşlı uşaqdan heç danışmaq belə istəmirəm”.
Həkim hesab edir ki, ümumiyyətlə repititor məsələsinə son qoyulmalıdır:

“Uşaqlar təhsili və biliyi dərsdən sonra öyrənirsə, buna valideynlər bütün gününü, əsəbini sərf edirsə, o zaman məktəb nə üçündür? Bu suala cavab tapa bilmirəm. Uşaq məktəbə niyə gedir ki? Nə əhəmiyyəti var , təhsil müəssisəsinin? Otursun evində...”, - deyə pediatr qəzəblənib. 

Psixoloq Fərqanə Mehmanqızının fikrincə, sözügedən yaşda uşaqların akademik dəyərlərinin yüksəldilməsi üçün istənilən bilgi oyunlar tipində öyrədilməlidir:

“Bu öyrədilmə müddətinin 7 yaşına qədər olması məqsədəuyğundur. 5 yaşında uşağı parta arxasına oturdub, qabağına kitab-dəftər qoyaraq öyrədilməsinə qarşıyam. Çünki bu, uşağın inkişaf prosesində travmalar yaradır.

Onların zehni, qavrama, təxəyyül və düşüncə tərzlərinə zərərlidir. 7 yaşına qədər uşaqlar gördüm-götürdüm sistemi ilə inkişaf edir. Məlumatın hafizəyə və şuuraltına yeridilməsinə daha yaxşı təsir göstərir. Hərf və rəqəmlərin, eləcə də parta arxasında oturmağın qaydalarının 5-6 yaşında öyrədilməsi düzgün deyil.

Bu yaşda uşaqlar parta arxasında otura bilmir və dərsin gedişatına, müəllimlərin iş prinsipinə maneçilik törədir. Onlarda müəyyən qıcıqlar yarana bilir. Bu isə ümumi prinsip və maraqlara təsir göstərir”. 
Psixoloq qeyd edib ki, 5 yaşında uşaqlara parta arxasında nəzəri bilikləri öyrədilməsi və üstəlik repititor yanına getmələri onlarda tükənmişlik sindromuna gətirib çıxarır:

“Uşağın o yaşda oyuncaqlarından ayrılıb ciddi rejimə və sistemə keçməsi  doğru deyil. Çünki o yaşda uşaqların 6 yaşındakılarla akademik dəyərləri və yaş normaları eyni deyilsə, digər məqamlar da bənzər olmamalıdır”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin