Azərbaycan siyasi səhnəsinin ənənəyə çevrilmiş bir mərəzi də yıxılana balta çalmaq həvəsində olanların bolluğu və bulanıq suda balıq tutmaqla könül bulandıranların hər addımda tətikdə dayanmasıdır. Ötən gün YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, İqtisad Universitetinin keçmiş rektoru Şəmsəddin Hacıyev barəsində bəzi saytlarda həmin universitetin professoru Bədirxan Musayevə istinadən tirajlanan məlumatlar da bu qəbildəndir.
Həmin müraciətdə iddia olunanların bircə faizi təsdiqini tapmış olsaydı, təkcə Şəmsəddin Hacıyevi deyil, onunla bərabər daha bir neçə yüksək mənsəb sahibini “Azadlıq Meydanı”x9dndan asmaq zərurəti meydana çıxardı. Çünki dövlətin belə ağır iqtisadi durumunda, obrazlı ifadədə qəpiyə güllə atdığı indiki həssas dönəmdə İqtisad Universitetinin rektoru olarkən bu qədər dövlət vəsaitlərini talamasına, bu azmış kimi belə bir mütəşəkkil cinayətkar dəstənin mövcudluğuna göz yuman hüquq - mühafizə orqanları rəhbərləri, bütün məhkəmə instansiyası, YAP İcra Katibliyi, Milli Məclis rəhbərliyi cavab verməliydilər ki, niyə bütün bunların bircə faizi baş verib.
Amma seçkilərə rəsmi start verilən gün qocaman professorun yenidən zühur edərək qaranlıq otaqda pişik axtarması, bu müraciətin dərhal bir neçə saytda körüklənməsi xeyli düşündürücüdür. Təbii ki, həmkarlarımızı başa düşmək olar, onlara belə bir titullu adamın bir çox cinayətlərdə adının hallanmasından daha çox, oxucu cəlb etmək niyyəti heç də qınanılası deyil və günümüzün reallığıdır. Amma əsas məsələ gerçəkdən də YAP İcra Katibinin müavini Siyavuş Novruzuovun bu günlərdə "bu ilki seçkilər çox gərgin keçəcək" deməsinin təsdiqini tapmağa başlamasıdır. Yəni görünən odur ki, kimlərsə Şəmsəddin Hacıyevi Milli Məclisin komitə sədri statusunda görmək istəmirlər, ola bilsin komitə sədri kreslosunun yeni “adaxlı”x9dsı peyda olub və mümkün qədər YAP - ın Bakının ən iri rayonundakı rəhbərinin parlamentə yoluna daş - kəsək döşəmək, ən azı bu mandatı onun əlindən almaq mümkün olmasa belə, keçmiş rektora gərgin anlar yaşatmaq istəyənlər yaranmış fürsəti fövtə vermək istəmirlər.
Keçmiş rektorun bu cür hədəfə gətirilməsi heç də təsadüf hesab olunmamalıdır və gözləmək olar ki, seçki başa çatana və nəticələr rəsmən elan olunana qədər bu tip cırmaqlama kampaniyaları təkcə Şəmsəddin Hacıyevə deyil, digər marafon iştirakçılarına qarşı da sınaqdan keçiriləcək. Ancaq bu təşəbbüslərə rəvac verən sifarişçilər görünür siyasi savad baxımından testdən keçə bilməyənlərdir və onlar bu ölkənin artıq oturuşmuş siyasi oyun qaydalarını hələ də mənimsəyə bilməyiblər. Yəni əgər Şəmsəddin Hacıyev YAP Səbail rayon təşkilatının sədri və parlamentin komitə sədridirsə, deməli ölkə və partiya rəhbəri olan İlham Əliyev onu professorun iddia etdiyi kimi sərvət ovçusu gözündə görmür və keçmiş rektora etimadı tamdır.
Əlbəttə, Moderator.az oxucularını əmin etmək istəyirik ki, bu yazı heç də Şəmsəddin Hacıyevin hansısa formada dəstəklənməsinə, yaxud onun mələk obrazında cəmiyyətə sırınamsına hesablanmayıb. Səmimiyyətimizə inanaların diqqətini sadəcə bir məqama yönəltmək istəyirik ki, seçkilərin taleyi və namizədlərin necə mandat əldə etməsini bilən hər bir diribaş oxucu bu tip sifarişli yazıların nəyə xidmət etdiyini bilsin. Əslində Bədirxan Musayevin iddialarını araşdırmaq bizlik deyil. Bunun üçün müvafiq qurumlar var. Zəhmət çəkib onlar bu iddialara aydınlıq gətirməli, Şəmsəddin Hacıyevlə bağlı rəsmi mövqelərini ortaya qoymalıdırlar, əgər deyilənlər yalandırsa 79 yaşına baxmayaraq B. Musayevin məsuliyyətə cəlb olunmasını təmin etməlidirlər. Çünki bu cür ittihamlar cavabsız qaldıqca cəmiyyətin dövlətə, onun müvafiq strukturlarına inamı heçə enir və onun fəsadlarını aradan qaldırmaq mümkünsüz hala gəlir...

































































































