Bu gün Suriyanın Cerablus şəhərindəki Amerna düşərgəsində saxlanılan 12 nəfər Azərbaycan vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.
Xarici İşlər Nazirliyindən (XİN) Bizim.Media-ya verilən məlumata görə, repatriantların ölkəmizə gətirilməsi Azərbaycanhökumətinin mərhələli və koordinasiyalı tədbirləri nəticəsində reallaşıb.
İlk öncə onların yeri, şəxsiyyəti və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edilib, daha sonra əldə olunmuş razılıq əsasında onların Türkiyə Respublikasının ərazisindən tranzit keçidi təmin olunub.
İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul müvafiq dövlət qurumlarının daxil olduğu işçi qrupunun Türkiyəyə ezam edilmiş nümayəndələri tərəfindən repatriantların ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib, zəruri yardımlar göstərilib, həmçinin Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən vətəndaşlarımız “Azərbaycan Respublikasına qayıdış şəhadətnamə”ləri və uçuş biletləri ilə təmin edilib.
Zəruri prosedurlar yekunlaşdıqdan sonra repatriantlar ailələrinə və qəyyumlarına təhvil veriləcəklər. Azərbaycan hökuməti tərəfindən onların reinteqrasiyası və reabilitasiyası üçün bütün lazımi tədbirlərin görülməsi nəzərdə tutulub.
Qeyd edək ki, onların arasındakı 7 və 10 yaşlı bacı-qardaş hər iki valideynini itirib.
Azərbaycan hökuməti milli qanunvericiliyə və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici ölkələrdə çətin vəziyyətdə düşmüş və yardıma ehtiyacı olan Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:00 / 10.09.2022
Suriyada saxlanılan 12 Azərbaycan vətəndaşı ÖLKƏMİZƏ GƏTİRİLDİ
Hazırda oxunan: Suriyada saxlanılan 12 Azərbaycan vətəndaşı ÖLKƏMİZƏ GƏTİRİLDİ
Hazırda oxunan: Suriyada saxlanılan 12 Azərbaycan vətəndaşı ÖLKƏMİZƏ GƏTİRİLDİ
93132
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.