''Son zamanlar bəzi vətəndaşlar sosial şəbəkələrdəki hesablarında xaricdən sifariş etdikləri poçt bağlamalarının uzun müddət gömrük yoxlanışında qalması, yubadılması, əsassız olaraq saxlanılması və saxlanılan bağlamalara görə yüksək məbləğdə ödənişlərin tələb olunmasına dair məlumatlar paylaşırlar''.
''İstər sosial şəbəkələrdə, istərsə də kütləvi informasiya vasitələrində yayımlanan bu qəbildən olan məlumatlar həqiqəti əks etdirmir''.
Bizim.Media xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin mətbuat katibi Natiq Axundov “Facebook” hesabında bildirib.
MÖVZU İLƏ BAĞLI:
“Bizim Media” yazdı - DGK “Smart Customs”un işləmədiyini etiraf etdi
O deyib ki, gömrük orqanları fəaliyyətini vətəndaş məmnuniyyətinin təmin olunması istiqamətində qurur:
“Poçt göndərişlərinin gömrük yoxlamasının uzun müddət ərzində aparılması ilə bağlı iddialara gəlincə qeyd edək ki, sürətli poçt xidməti lisenziyasına malik olan şirkətlər tərəfindən ölkə ərazisinə gətirilən mal partiyasına gömrük nəzarəti tədbirləri mallar gömrük orqanına təqdim edildiyi andan maksimum 2-3 gün ərzində həyata keçirilir. Bağlamaların gecikdirilməsi isə daşıyıcı şirkətlərin öz işini düzgün qurmaması səbəbindən baş verir.
Belə ki, bəzən daşıyıcı şirkətlər qanunvericilikdə müəyyən edilmiş dəyər həddini aşan bağlamaların, barəsində gömrük nəzarəti başa çatmış yük partiyalarından ayırıb gömrüyə təqdim edilməsi prosesinə günlərlə vaxt sərf edir. Nəticədə praktiki iş prosesini düzgün qurmayan həmin şirkətlər vətəndaşlara məxsus bağlamaları gecikdirir.
Digər tərəfdən bir sıra hallarda daşıyıcı şirkətlər biznes prosesdə ləngiməklə yanaşı, kütləvi endirimlər dövründə yük həcmini qəbul etməkdə çətinlik çəkir və malları gömrükdən çıxarsalar da, öz anbarlarında anbarlaşdıra bilmir”.
Qurum rəsmisinin sözlərinə görə, bəzən terminalla və ya daşıyıcı aviaşirkətlərlə yaranan problemlərlə əlaqədar mal partiyasını anbardan çıxara bilməyən şirkətlər malın hərəkət statusunu “gömrükdə” olaraq göstərir:
“Vətəndaşların müraciətləri əsasında aparılan araşdırmalar göstərir ki, əslində bu hallarda mallar daşıyıcı şirkətlərin özündədir, lakin böyük həcmdə yükləri idarə edə bilmədiklərindən ona “gömrükdə” statusu verməklə “işgüzar imiclərini” qorumağa çalışırlar.
Hava gəmisinin maksimum uçuş müddətinin bir neçə saat sürməsinə baxmayaraq, daşiyici şirkətlərin bir bağlamanın yolda olma müddətini vətəndaşlara 5-10, gömrük yoxlaması statusunu isə bəzən 10-20 gün kimi bildirməsi məntiqsizliklə yanaşı, etibardan sui-istifadə etməklə insanları aldatmaqdır.
Həmçinin, Dövlət Gömrük Komitəsi bildirir ki, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bağlamalarının uzun müddət gömrük baxışında olduğunu iddia edən vətəndaşlar daşıyıcı şirkətlərin nümayəndələri ilə birgə malların saxlandığı anbara gələ, bağlamanın yubanması səbəblərini gömrük əməkdaşları ilə birgə araşdıraraq müəyyənləşdirə bilərlər”.
Bəzi poçt bağlamalarının əsassız olaraq saxlanılması ilə bağlı məsələyə toxunan N.Axundov məsələnin qanunvericiliklə tənzimləndiyini qeyd edib:
“Fiziki şəxslər tərəfindən təyinatı istehsal yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan poçt göndərişləri yalnız qanunvericilikdə müəyyən edilmiş gömrük dəyəri həddini aşdıqda, aidiyyəti dövlət orqanlarının rəy və icazələri tələb olunduqda və ya qanunvericilikdə nəzərdə tutulan digər hallarda saxlanıla bilər.
Bəzi hallarda vətəndaşlar təqvim ayı üzrə sifarişlərini yalnız məhsulların öz dəyərini hesablamaqla planlaşdırır və daşıma xərcini əlavə etmədiklərindən qanunvericilikdə müəyyən edilmiş gömrük dəyəri həddini aşır ki, bu bağlamaların saxlanılması ilə nəticələnir.
Dövlət Gömrük Komitəsi bildirir ki, gömrük dəyəri, gömrük tarifi haqqında Azərbaycan Respublikasının Qanununun 2-ci fəslinə uyğun olaraq müəyyən edilir və gömrük dəyərinin müəyyən edilməsi zamanı məhsulun dəyəri ilə yanaşı, daşınma xərci də nəzərə alınmalıdır”.
“Smart customs” mobil tətbiqində bağlamalarını bəyan edib ödənişlərini həyata keçirən, lakin bağlamasının saxlanıldığını iddia edən vətəndaşlar nəzərə almalıdır ki, bəyanetmə və ödəmə prosesi mütləq mal partiyası gömrük ərazisinə daxil olana qədər həyata keçirilməlidir:
Saxlanca verildikdən sonra gömrük ödənişi həyata keçirilən bağlamaların saxlancdan çıxarılması və aidiyyəti üzrə çatdırılması sifarişçinin anbar və daşıyıcı şirkət ilə münasibətlər zəminində həll edilməlidir”.
Saxlanılan bağlamalara görə vətəndaşların yüksək məbləğdə vəsait ödəmələrinə gəlincə, N.Axundov bağlamaların saxlanıldığı ərazi gömrük orqanının sərəncamında olmadığını vurğulayıb.
Dövlət Gömrük Komitəsi bir daha vətəndaşları sosial şəbəkələrdə və digər informasiya resurslarında yayılan bu qəbildən məlumatlara diqqətlə yanaşmağa, rəsmi açıqlamalara etibar etməyə çağırıb.
Alçina Amilqızı, Bizim.Media