Azərbaycan Prezidenti İlham Əliyev Bakının Binəqədi rayonunda yeni inşa olunan 335 nömrəli tam orta məktəbin açılışında iştirak edib.
Bizim.Media xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev məktəbdə yaradılan şərait barədə dövlətimizin başçısına məlumat verdi.
Qeyd edək ki, Binəqədi rayonu ərazisində yerləşən məktəblərdə şagird sıxlığı ilə əlaqədar yeni ümumi təhsil müəssisəsinin tikintisinə zərurət yarandığından Prezident İlham Əliyevin 2019-cu il 30 dekabr tarixli Sərəncamı ilə əhali sıxlığı və məktəb tutumu nəzərə alınaraq bu məktəbin layihəsi hazırlanıb.
Tikintisinə 2020-ci ilin noyabrında başlanılan 1600 şagird yerlik məktəbdə 63 sinif, 4 informatika otağı, 2 məktəbə qədər hazırlıq otağı, 5 STEAM otağı, 2 idman zalı, hərbi hazırlıq, xarici dil, musiqi, rəsm, tibb otaqları, fizika kabineti, kimya və biologiya laboratoriyaları, kitabxana, 200 yerlik yeməkxana və 520 nəfərlik akt zalı yaradılıb. Dördmərtəbəli binanın ümumi sahəsi 17 min 254 kvadratmetrdir.
Prezident İlham Əliyev bu təhsil ocağının məktəbəhazırlıq qrupu, fizika kabineti, informatika otağı, kitabxana, idman zalı, kimya laboratoriyası, yeməkxana, çağırışa qədər hərbi hazırlıq otağında, STEAM otaqlarında yaradılan şəraitlə tanış oldu.
STEAM layihəsi birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə 2019-2020-ci tədris ilinin əvvəlindən məktəblərimizdə tətbiq edilir. STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərməklə yanaşı, onlara mühəndislik səriştələri öyrədir.
Qeyd edək ki, təhsil müəssisələrinin işinin, tədris proqramlarının müasir çağırışlara uyğunlaşdırılması, yeni əmək bazarına uyğun kadr potensialının formalaşdırılması dövlətimizin prioritetləri sırasındadır. Müasir məktəblərin tikilərək istifadəyə verilməsi, təhsil müəssisələrində bərpa və yenidənqurma işlərinin ardıcıl xarakter alması da bu prosesin tərkib hissəsidir. Bu strategiyaya Heydər Əliyev Fondu da 2005-ci ildən icra olunan “Yeniləşən Azərbaycana - yeni məktəb” proqramı ilə davamlı şəkildə dəstək verir.
Hər bir dövlətin tərəqqisi və gələcəyi onun təhsil səviyyəsi ilə birbaşa bağlıdır. Bu sahəyə qoyulan investisiya gələcəyə yatırılan sərmayə deməkdir.
Dövlətimiz bu baxımdan hazırda dünyada lider ölkələrdən biridir. Heç bir ölkədə qısa müddət ərzində bu sayda məktəb tikilməyib və yenidən qurulmayıb. Çox mühüm amillərdən biri də odur ki, yeni yaradılan və əsaslı təmir olunan təhsil müəssisələri ən müasir tədris avadanlığı ilə təchiz edilir. Yeri gəlmişkən, 2022-2023-cü tədris ilində 70-ə yaxın məktəb binası tikiləcək və ya əsaslı təmir edilərək istifadəyə veriləcək. Bu məktəblərdən 30-u modul tiplidir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:12 / 10.09.2022
Prezident 335 nömrəli məktəbin açılışında iştirak edib - FOTO
Hazırda oxunan: Prezident 335 nömrəli məktəbin açılışında iştirak edib - FOTO
Hazırda oxunan: Prezident 335 nömrəli məktəbin açılışında iştirak edib - FOTO
93107
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.