"Təki qeyrətimiz axsamasın!" Bu fikri ayağının axsaması ilə bağlı ona verilən suala cavab yazan və öz vətənində erməni əsirliyində olan Dilqəm Əsgərov bildirib.
Bu söz məni bu yazını yazmağa borclu etdi. Son zamanlar bəlkə də bu ifadə bəzilərində ironik hisslərə səbəb olur, ancaq qeyrət insanın ləyaqətinin parlaq göstəricisidir.
Bəzi insanların "hara yaşamaq rahatdırsa, elə ora vətəndir" deyiminə tez-tez rast gəlirik .Və belələri yeri düşəndə öz vətənini, öz millətini, hətta öz valideyinlərini də cılız maraqlarına qurban verirməkdən çəkinmirlər. Məhz belə insanlar üçün, əlbəttə bu ifadə boş sözdən başqa bir şey deyildir. Mən əminəm ki,Dilqəm vətəndaşlığını qəbul etdiyi Rusiyada heç də pis yaşamırmış.
Ancaq onun qeyrəti,vətən həsrəti ,dünyadan köçmüş doğmalarının məzarını ziyarət etmək arzuları onu qorxmadan, həyatına ola biləcək təhlükədən çəkinmədən bu addımı atmağa vadar etmişdir. Özümün həyatda tanıdığım,hətta öz yaxınlarımdan elə insanlar vardır ki,onlar çox yaxınlıqda yerləşən və doğmalarının uyuduğu qəbirstanlığı illərlə ziyarət etmirlər.
Yaxud yaşayan valideyinlərinə qarşı sayğısızlıq göstərirlər. Dilqəm kimi insanların əməlləri ərazisinin 20 % işğal altında olan ölkənin vətəndaşlarına nümunə kimi göstərilməli və təqdir edilməlidir. Təəssüflər olsun ki,yenidən müstəqilliyinə qovuşmuş gənc dövlətimizin vətəndaşlarının bir qismi qocaman qitənın bəzi eybəcər həyat tərzini, digər bir qismi isə din pərdəsi altında fəaliyyət göstərən dinsiz,imansızların təsirinə düşürlər.
Bunların heç biri dövlətimizə xoş gələcək vəd etmir. Dövlətimiz, millətimiz Dilqəm, Şahbaz və s.vətənpərvər,qeyrətli insanların əməllərini nümunə göstərərək,gələcəyimiz olan gənclərı məhz o rühda tərbiyyə etməyi qarşısına məqsəd qoymalıdır.
Yalnız bu ruhda tərbiyə edilmiş gənclərimiz gələcəkdə öz dövlətinə,öz torpağına sahib ola bilər.
Uca yaradan millətimizi,dövlətimizi qorusun.
Vətəndaş və İnkişaf Partiyasının sədr müavini Billur Hümbətov

































































































