Dünyanın inkişaf etmiş ölkələrində nəsildən-nəslə keçən qədim əşyaların, əntiq sənət nümunələrinin,rəsm əsərlərinin ayrı-ayrı şəxslər tərəfindən kolleksiyalaşdırılması eləcə də satışı, hərraca çıxarılması çoxdan bir ənənəyə çevrilib. Belə əntiq əşyaları toplayan şəxsı kolleksiya sahibləri həm də messenat kimi, mədəniyyətin, incəsənətin himayəçisi kimi tanınmaqdadırlar. Təəsüflər olsun ki, qədim tariximiz, ədəbiyyatımız, musiqimiz, sənət nümunələrimizlə öyünsək də bizdə belə bir ənənə yoxdur. İmkanlı soydaşlarımızın, ziyalılarımızın, gərəksiz işlərə sponsorluq edib cib dolusu pullar xərcləyən milli milyonerlərimizin isə bircəciyinin evində antik əşyalardan, nadir sənət nümunələrindən ibarət şəxsi kolleksiyası yoxdur. Hər halda bir jurnalist olaraq bu günə kimi Azərbaycanda belə fərdi kolleksiya sahiblərinə rast gəlməmişəm. Antik əşyaların , nadir sənət nümunələrinin toplanması, satışı, onlar üçün auksionlar təşkil edilməsi hələ ki Azərbaycanın mədəni mühiti üçün yad bir mövzudur. Elə mən özüm də nə əntiq əşyalar toplayan kolleksiyaçıyam nə də messenat. Fəqət təsadüfən əlimə düşən, rastıma çıxan,ömrünü başa vurmuş ağsaqqal və ağbirçəklərimizdən yadigar qalan nadir əşyaları böyük məhəbbətlə qoruyub saxlamaqdan, onları dostlara, tanışlara nümayiş etdirməkdən böyük zövq alıram. Bu yazımda isə hələ də süfrəmizi bəzəyən 190 yaşlı samovardan danışmaq istəyirəm. Əslində bu samovarı şöhrətləndirən təkcə 190 yaşı deyil, həm də onun çox sayda məclislərin, tarixi hadisələrin, olayların şahidi olmasıdır. İlk öncə deyim ki sözü gedən samovar XIX əsrin əvvəllərində - 1825-ci ildə yəni dekabristlər üsyanının Rusiyanı silkələdiyi , Puşkinin Qafqazı gəzib ilhamlandığı, Napoleonun Rusiyada məğlub olub geri çəkildiyi, məlum “Gülüstan müqaviləsi”x9dndən 12 il ötdüyü bir zamanda “anadan olub”x9d. Rusiyanın Tula vilayətində dövrünün məşhur samovar ustası kimi tanınan Nikolay Bataşevin sexində hazırlanmış bu samovar zahiri quruluşuna görə sadədir.Kömür və odunla işləyir.Xalis tuncdan (mis, qalay, qurğuşun qarışığı) hazırlandığı üçün istilikkeçirmə qabiliyyəti yüksəkdir.Həcmi 5 litrdir.Çox qısa bir zamanda suyu qaynada bilir.Dəyirmi qapağının üzərində suyun qaynamasına nəzarət etmək üçün kiçik qapaqcığı var. Naxışlı ayaqları, dəmkeşi, solunda və sağında palıddan hazırlanmış qulpları, xüsusi formada olan su kranı zövqlə hazırlanıb.Yəqin maraqlanırsınız ki, bu samovar mənim əlimə necə və haradan düşüb? 94 yaşında dünyasını dəyişən Məşədi Bəyimxanım nənəmin dediyinə görə o gəlin köçərkən bu samovarı atası Məşədi Məhəmməd kişi ona yadigar olaraq
bağışlayıbmış. Məşədi Məhəmmədə isə samovar atası Kərbəlayı Cavaddan, ona da atası Hacı Qurbandan miras qalıbmış. Hacı Qurbana isə samovar atası Hacı Tahirdən ( ulu babam) qalıbmış. Mən sayı dürüst bilinməyən nəvələri, nəticələri, kötücələri və əticələri olmuş ulu babam Hacı Tahirin 8-ci əticəsiyəm.Bu samovar isə mənə Məşədi Bəyimxanım nənəmin böyük qızı- 89 yaşında dünyasını dəyişən mərhumə anam Tahirə xanımdan yadigar qalıb. Göründüyü qədər Şamaxı kimi qədim mədəniyyət mərkəzi olan bir şəhərdə yaşamış bütöv bir sülalənin zaman-zaman süfrələrini bəzəmiş, bir çox tarixi hadisələrin “şahidi”x9d olmuş bu samovarın tunc yaddaşında nə qədər xatirələr, açılmamış sirlər yaşayır. Lakin bu xatirələrin bəziləri barədə müəyyən məlumatlar da yox deyil. Eşitdiyimə görə Şamaxının İmamlı məhəlləsində yaşayan ulu babam Hacı Tahir çox alicənab, sənətsevər, qonaqpərvər bir şəxsiyyət imiş.Özü ədəbi yaradıcılıqla məşğul olmasa da şeir-sənət məclislərində iştirak edər, şair və yazarları dinləməkdən zövq alarmış. Onun hətta bir zamanlar Şamaxıda fəaliyyət göstərmiş “Beytüssəfa”x9d ədəbi məclisində iştirak etdiyi də söylənilir. Şəhərə gələn sənət adamlarını, üləmaları, səyyahları Hacı Tahir öz evinə dəvət edər, qonaq saxlar, onların şərəfinə süfrə açdırarmış. Məlumatlara görə hazırda 190 yaşı olan bu samovarın çayından içənlərin sırasında, məşhur rus rəssamı knyaz Qaqarin, fransız yazarı Aleksandr Düma (ata), məşhur pedaqoq ”“ azərbaycanlı uşaqlar üçün yazılmış “Vətən dili”x9d dərsliyinin müəllifi Çernyayevski, böyük şair Seyid Əzim Şirvanı, Hacı Məcid əfəndi, yerli mesenat Mahmud ağa,Sultan Məcid Əfəndiyev, 1937-ci ildə repressiya qurbanı olmuş babam (anamın atası) Ələkbər Ələkbərovun dostu Əliheydər Qarayev, mərhum xalq artisti Ağasadıq Gəraybəyli və bir çox digər şəxsiyyətlərin də adları var. Sözü gedən samovar həm də bir çox tarixi hadisələrin şahidi olub.1859, 1862, 1902-ci illərdə Şamaxıda baş vermiş dəhşətli zəlzələr zamanı samovar bəzi yerlərindən zədə alsa da sonralar lahıc misğərləri tərəfindən təmir olunmuş, əyilmiş qapağı və dəmkeşi, qopmuş qulpu bərpa edilmişdir. 190 yaşlı bu samovarın “şahidi”x9d olduğu ən dəhşətli hadis isə heç şübhəsiz ki, 1918-ci ildə ermənilərin Şamaxıda törətdikləri qırğınlar olub. Mərhumə nənəmdən eşitdiyimə ğörə erməni qırğınları zamanı ailə şəhərdən qaçıb çıxsa da evdən heç nə apar biməyiblər. Erməni vəhşiləri Hacı Tahir ocağında olan bütün qiymətli ziynət əşyalarını, qızıl pul və sikkələri, dəyərli nə varsa hamısını qarət etmiş, mis qab-qazanların o cümlədən “Bataşov samovarı”x9dnın içini axtardıqdan sonra onları həyətin bir küncünə tullamışlar...
P.S: Keşməkeşlərlə dolu illərin ayların “şahidi”x9d olmuş, böyük şəxsiyyətlərin sözünü-söhbətini öz “tunc yaddaşına”x9d əbədi olaraq həkk etmiş , bir vaxtlar onların çay içdikləri samovarın xidmətindən isifadə etmək istəyən bütün qələm dostlarımı çay süfrəsinə dəvət edirəm. Buyurun dostlar, gəlin, 190 yaşlı samovarın çayından içib feyziyab olun!
Cəlal Yaquboğlu, jurnalist



































































































