Sabirabadda körpü uçdu, kəndlərlə əlaqə kəsildi - FOTO

Hazırda oxunan: Sabirabadda körpü uçdu, kəndlərlə əlaqə kəsildi - FOTO

92876

Sabirabadda kollektor (kənd təsərrüfatında qurutma şəbəkəsinin tənzimləyici hissəsindən suyu qəbul edib, qurudulan ərazidən kənar edən drenaj borusu və ya kanal – red) üzərindəki körpü qəzalı vəziyyətə düşüb, yaşayış məntəqələri ilə əlaqə məhdudlaşıb.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, rayonun Sarxanbəyli kəndi ərazisindəki ikinci Küryanı kollektorun üzərindəki körpü 1952-ci ildə inşa edilərək istifadəyə verilib.

Üç aşırımlı, 9 dəmir-beton dayaqdan ibarət olan körpünün uzunluğu 30 metrə yaxın, eni isə 6 metrdir. Körpüdən o taylı - bu taylı 14 yaşayış məntəqəsinin əhalisi istifadə edir. Əhalinin əsas əkin sahəsi kollektorun cənub hissəsindədir.
Kollektorun üzərindəki körpü üç il bundan əvvəl yük maşınlarının intensiv hərəkəti nəticəsində qəzalı vəziyyətə düşüb. Bu ilin iyulunda isə onun orta hissəsi uçub, nəticədə böyük oyuq yaranıb.

Sakinlərin sözlərinə görə, körpü uçduqdan sonra yaşayış məntəqələri ilə əlaqə məhdudlaşıb. Körpünün belə vəziyyətdə olması əsasən əkinçiliklə məşğul olan sakinlər üçün ciddi problemlər yaradıb.

Pambıq sahələri kollektorun digər hissəsində olduğundan təsərrüfat işləri ilə məşğul olan sakinlər öz sahələrinə gedib-gəlməkdə çətinlik çəkir. Kənd təsərrüfatı texnikalarını çayın digər sahilinə keçirmək mümkün olmur.

Bu gün sabah kütləvi pambıq yığımına start veriləcəyi təqdirdə təsərrüfat sahibləri nə edəcəyini bilmirlər. Problemlə bağlı aidiyyəti qurumlara müraciət olunsa da, nəticəsiz qalıb.

Kollektora cavabdehlik daşıyan Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsindən bildirilib ki, Meliorasiya və Su Təsərrüfatı ASC körpünün qəzalı olması barədə məlumatlandırılıb.
Cəmiyyətin mütəxəssisləri idarənin mütəxəssisləri ilə birlikdə körpüyə baxış keçiriblər. Qəzalı olduğundan köhnə körpünün yanında yeni körpünün tikintisi üçün layihə hazırlanıb. Gələn ilin əvvəllərində vəsait ayrılan kimi yeni körpünün tikintisinə başlanılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin