Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisində evlərdən silsilə oğurluqlar edən şəxslər saxlanılıblar.
Bu barədə Bizim.Media-ya DİN mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, əməliyyat zamanı əvvəllər məhkum olunmuş Rəhman Hacıyev, Elnur Tahirov və Mirasəf Kərimli tutulublar. Onların Xəzər rayonunun Binə və digər qəsəbələrində 7 evdən pul, qızıl-zinət və məişət əşyaları oğurladıqları məlum olub.
Araşdırma zamanı bu şəxslərin həmçinin paytaxtın Suraxanı və Sabunçu rayonlarında da evlərdən oğurluq etdikləri müəyyən edilib. Saxlanılan şəxslər əldə etdikləri qızl-zinət və məişət əşyalarını Nizami rayonunda yerləşən ticarət mərkəzlərindən birində satıblar.
Faktlarla bağlı 3-cü Polis Şöbəsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Adları çəkilən şəxslərlə əlbir olan digər dəstə üzvlərinin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına və ya Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə məlumat verə bilərlər.
Bizim.Media