Baş Qərargah rəisi Quru Qoşunlarında MÜŞAVİRƏ KEÇİRDİ - FOTO

Hazırda oxunan: Baş Qərargah rəisi Quru Qoşunlarında MÜŞAVİRƏ KEÇİRDİ - FOTO

92613

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Quru Qoşunlarında olub.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, Baş Qərargah rəisi Quru Qoşunlarının idarə heyəti ilə xidməti müşavirə keçirib.

Müşavirədə Quru Qoşunlarında görülən işlərin təhlili aparılıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqlar toplantı iştirakçılarına çatdırılıb.
Müdafiə nazirinin birinci müavini döyüş hazırlığının və hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin daha da artırılması, silahlanmaya yeni qəbul edilən silah və döyüş texnikasının effektiv tətbiqi məqsədilə keçirilən təlimlərin real döyüş şəraitinə uyğunlaşdırılması və texnoloji innovasiyalardan istifadə edilməsi ilə əlaqədar müdafiə nazirinin göstərişlərini aidiyyəti üzrə vəzifəli şəxslərə çatdırıb.

Müşavirədən sonra Döyüşü idarəetmə məntəqəsinə (DİM) gələn Baş Qərargah rəisinə məruzə olunub ki, burada müasir döyüş üsulları nəzərə alınaraq digər qoşun növləri ilə qarşılıqlı əlaqədə komanda idarəetmənin təşkili üçün zəruri infrastruktur yaradılıb.

Sonra general-polkovnik K.Vəliyev, müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev, Milli Müdafiə Universitetinin rektoru general-leytenant Heydər Piriyev və digər yüksək rütbəli zabitlər Quru Qoşunlarının Ümumqoşun Təlim Mərkəzinə gələrək ilk dəfə təşkil edilən "Zabit komando başlanğıc kursu"na cəlb olunan gənc leytenantlarla görüşüblər.

Baş Qərargah rəisinə məruzə olunub ki, hərbi qulluqçuların taktiki-xüsusi hazırlıqlarının inkişaf etdirilməsi məqsədilə keçirilən məşqlər müasir döyüş üsulları nəzərə alınmaqla tədris olunur.

Ordumuzun Türkiyə Silahlı Qüvvələrinin modelinə uyğunlaşdırılması istiqamətində görülən tədbirlər çərçivəsində gənc zabitlərin komando kursuna cəlb olunmasının hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin artırılmasında müsbət təsir göstərəcəyi xüsusi qeyd edilib.

Daha sonra yaşayış məntəqələrində döyüş və məntəqələrin şərti düşməndən təmizlənməsi tapşırığının icrası üzrə təlim epizodları izlənilib.

Gənc zabitlər qarşısında çıxış edən Baş Qərargah rəisi onlara hərbi elmlərə yiyələnmək, eləcə də fiziki hazırlıqlarını artırmaqla peşəkar və nizam-intizamlı komandir kimi formalaşaraq gələcəkdə tabeliklərindəki şəxsi heyətə nümunə olmaları istiqamətində tövsiyələr verib, gələcək xidmətlərində uğurlar arzulayıb.
Sonda general-polkovnik K.Vəliyev hərbi qulluqçuların qayğıları ilə maraqlanıb və onlarla birgə nahar edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin