Dövlət qurumlarına işə götürülənlər psixoloji və narkoloji yoxlanışdan KEÇİRMİ? - DETALLAR

Hazırda oxunan: Dövlət qurumlarına işə götürülənlər psixoloji və narkoloji yoxlanışdan KEÇİRMİ? - DETALLAR

92605

Gömrük komitəsində kütləvi işdən çıxarılmadan sonra dövlət qurumlarında çalışanların tibbi, psixi və narkoloji yoxlanışdan keçib-keçməmələri ilə bağlı məsələ aktuallaşıb. Ekspertlərin fikrincə, bütün dövlət qurumlarına işə qəbulda sözügedən yoxlanışların aparılması vacibdir. Təbii ki, starteji dövlət orqanlarının bəzilərində bu tələbə ciddi önəm verilir. Amma bütün təsisatları əhatə etmir. 

Mövzu ilə bağlı Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov Bizim.Media-ya bildirib ki, bu kriteriya dövlət orqanları, dövlət təsisatları və hüquq-mühafizə orqanlarına görə bölünür:

“Məsələn, dövlət orqanlarına qəbul, adi kateqoriya dövlət orqanı istisna olunmaqla imtahanlar vasitəsilə həyata keçirilir. DİM-in test imtahanı və müsahibə yolu ilə keçirilən imtahanda nə tibbi, nə psixi, nə də narkoloji yoxlanış nəzərdə tutulub. O ki qaldı hüquq-mühafizə orqanlarına, bu qurumların hər birində işə qəbul qaydaları var. Bildiyim qədər onlarda sözügedən yoxlanışlar çox ciddidir. O cümlədən müxtəlif dispanserlərdən də arayışlar tələb olunur. Digər dövlət təsisatlarına gəlincə, hər birinin xarakterindən asılı olaraq məsələ dəyişir. Mən özüm də publik hüquqi şəxsdə çalışıram. Bizdə belə tələb yoxdur”.

Sahib Məmmədov hüquq mühafizə orqanlarında işə götürülən işçilərin psixi, tibbi və narkoloji yoxlanışdan keçmələrini daha zəruri hesab edir:

“Bu o demək deyil ki, digər orqanlarda narkoman və ruhi xəstə işləyə bilər. Məktəbəqədər təhsil müəssisələrində, körpələr evində, müxtəlif sosial reablitasiya mərkəzlərində, internat məktəblərində, tibbi və psixoloji arayışla yanaşı, infeksion xəstəliklə bağlı yoxlanış mütləqdir. Formal da olsa edilir. İş prosesinin gedişində, işçinin davranışında hansısa çatışmazlıq hiss olunursa, onun barəsində tədbir görülməlidir. Dövlət orqanlarında ciddi qaydalar  və dövlət qulluqçularının etik davranış qaydaları var. Həmin etik davranışlar işçilərin maksimum səbirli, tolerant olmasını, mədəni  və vicdanlı davrannış nümayiş etdirməsini tələb edir. Bunu etməyən dövlət qulluqçuları hər il cəzalandırılmalı, məsələ ilə bağlı Nazirlər Kabinetinə, müvafiq dövlət orqanlarına məlumat verilməlidir”.

Sahib Məmmədov Gömrük Komitəsində narkoman işçilərin olması məsələsinə də münasibət bildirib. O, deyib ki, minlərlə əməkdaşı olan istənilən qurumda kimsə içkiyə meylli və ya narkotik vasitələrə aludəçi ola bilər:

“Hətta bunu uzun bilməyə də bilərlər. Bunları dərhal müəyyən etmək mümkün deyil. Bildiyim qədər kömrük orqanlarına qəbul prosedurları qeyri-şəffaf həyata keçirilir. Ora dövlət qulluğundan keçilmir və işə qəbul qaydaları var. Hər kəs də bilir ki, Gömrük Komitəsində qohumbazlıq, yerlibazlıq üsullarla illərdir ki, kadrlar toplanıb. Bunların hamısı müvafiq qanunlara ziddir və maraqların toqquşmasıdır. Bu baş verirsə, orada narkomanların olması da təccüblü deyil”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin